FƏZA YÜKÜ, h ə c m i y ü k – müəyyən həcmdəki elektrik yükü; F.y. elektrik potensialının və elektrik sahəsinin intensivliyinin fəzada paylanmasını müəyyən edir. F.y.-nün yaranması üçün müsbət və mənfi yüklərin (məs., plazmadakı ionların və elektronların) konsentrasiyası bərabər olmamalıdır. Sərbəst yüklərin həcmi statik tarazlıq sisteminin yaranması mümkün olmadığına görə (bax İrnşou teoremi) F.y.-nün meydana gəlməsi, adətən, elektrik cərəyanının keçməsi ilə bağlı olur. F.y. elektrodların yaxınlığında, müxtəlif keçiriciliyə malik (elektron və ya deşik) iki yarımkeçiricinin sərhədində, vakuumda elektron emissiyası və ion emissiyası proseslərində, qazlarda elektrik boşalmalarında əmələ gəlir. F.y.-nün yaranmasının səbəbi müxtəlif işarəli yükdaşıyıcıların diffuziya əmsallarının müxtəlif olmasıdır.