FƏZL I, Fәzl ibn Mәhәmmәd (tәqr. 949–1031, Gәncә) – Şәddadilәr dövlәtinin hökmdarı [985–1031]. Mәhәmmәd ibn Şәddadın kiçik oğlu. Atasının ölümündәn (955/956) sonra Vayzun hakiminin himayәsindә böyümüşdür. 965 ildә Salarilәr tәrәfindәn idarә olunan Gәncәyә gәlmişdir. Bu zaman Gәncә tez-tez dağlıların basqınlarına mәruz qalırdı. O, hәrbi dәstәsi ilә basqınçıları Gәncәdәn qovub çıxara bilmişdi. Bundan sonra şәhәr әhalisinin inamını qazanaraq 969/970 ilәdәk burada yaşamışdır. O, böyük qardaşı Əbülhәsәn Əli Lәşkәrini Gәncәyә çağırmış, şәhәrin salari hakimini hәbs etdirmişdir. Lәşkәri Gәncәnin idarәsini әlә alaraq, Şәddadilәr sülalәsinin hakimiyyәtinin әsasını qoymuşdu. Lәşkәrinin hakimiyyәti dövründә Arranın Bәrdә, Şәmkir, Naxçıvan vә digәr şәhәrlәri, Dәbil (Dvin) vә onun әtrafı bir-birinin ardınca әlә keçirildi. 978/979 ildә Lәşkәrinin ölümündәn sonra hakimiyyәtә I F.-in qardaşı Mәrzban ibn Mәhәmmәd gәldi. Mәrzbanın bacarıqsız siyasәti Şәddadilәrin bir çox vilayәtinin itirilmәsinә sәbәb oldu. 985/986 ildә I F. Mәrzbanı öldürәrәk hakimiyyәti әlә keçirdi. O, Şirvana, Gürcüstana vә Ermәnistana dәfәlәrlә uğurlu yürüşlәr etdi, Arranda müstәqil hakimliyә can atan feodal mülklәrini, o cümlәdәn Bәrdәni, Beylәqanı, Xaçını, Süniki, Gorusu, Naxçıvanı vә Dәbili, yenidәn tabeliyinә qaytardı, abxaz-gürcü hökmdarı III Baqrat, sonra isә IV Baqratla müharibәlәr apardı. 1026/27 ildә I F. Şәmkiri mühasirәyә almış gürcülәri darmadağın etdi. 1030 ildә I F. xәzәrlәrә qarşı yürüşә çıxdı. Hәmin ildә I F.-in oğlu Əskuyә atasına qarşı üsyan edәrәk Beylәqanın müstәqil hakiminә çevrildi. I F. oğlu Musanın başçılığı ilә Beylәqana hәrbi dәstә göndәrdi. Bu zaman Şirvanda olan rusların kömәyilә Musa qәlәbә qazandı, Əskuyә edam olundu. Beylәqan yenidәn Şәddadilәrin hakimiyyәtinә keçdi.
Hakimiyyәti dövründә “nikah diplomatiyası”ndan istifadә edәn I F. (o, qızını Şirvanşah Mәnuçehrә әrә vermişdi) Şirvanşahlar dövlәti ilә sıx әlaqәlәr qurmuşdu; Rәvvadilәr, Tiflis әmiri Əbülfәzl Cәfәr ibn Əli, hәmçinin sәlcuq sultanları ilә dostluq vә müttәfiqlik münasibәtlәri saxlayırdı.
I F. Araz çayı üzәrindә Xudafәrin körpüsünü (1027) inşa etdirmiş, sәnәtkarlıq, ticarәt vә mәdәniyyәtin inkişafına qayğı göstәrmişdir. Onun Bәrdәdәki zәrbxanası sonralar Gәncәyә köçürülmüşdü. I F.-in zәrb etdirdiyi gümüş dirhәm Milli Azәrbaycan Tarixi Muzeyindә saxlanılır.