FƏZZAN (әr.فزان , lat. Phazania) – Liviyanın c.-q.-indә, Tripolitaniyadan c.-da tarixi vil. Böyük Sәhrada Matendu dәrәsindәki qayaüstü tәsvirlәr (hәmçinin petroqliflәr) ibtidai animalist incәsәnәtin kamil nümunәlәridir. F. rәsmlәrinin “ilk ovçular dövrü”nә aid әn qәdim nümunәlәri iri vәhşi heyvanların (fil, kәrgәdan, at, öküz vә s.) daş üzәrindә monumental tәsvirlәrindәn ibarәtdir. Herodota görә, F.-da qaramantlar (Qaramantida vil.-ndә) vә digәr qәdim tayfalar mәskunlaşmışlar. Onlar bәrbәrlәrin vә tuareqlәrin әcdadlarıdır. Roma sәrkәrdәlәri Korneli Balb (e.ә. 20–19) vә Valeri Festin (eramızın 69–70 illәri) işğalları nәticәsindә F. Romadan asılı vәziyyәtә düşmüşdü. F. dәniz sahillәrindәn uzaqda yerlәşdiyi üçün yerli tayfalar vandalların, sonra isә bizanslıların hücumlarını dәf edә bilirdi. 7 әsrdә F. Əmәvilәr tәrәfindәn tutulmuş, әrazidә islam dini yayılmışdı. Orta әsrlәrdә ayrı-ayrı әrәb dövlәtlәrinin (Abbasilәr, Fatimilәr vә s.) tәrkibinә qatılsa da, muxtariyyәtini qoruyub saxlamışdı. 1551 ildә osmanlılar Trablusqәrbi әlә keçirmiş, onu әyalәtә, F.-ı isә әyalәtin sancağına çevirmişdilәr. 1835 ilәdәk F. rәsmәn Qaramanlı sülalәsinin hakimiyyәti altında olmuşdur. Osmanlılar F.–Trablusqәrb yolunun Sudan-Sәhra ticarәtindә әhәmiyyәtli rolunu qoruyub saxlamışdılar. Yerli әhalinin ixracatını, әsasәn, fil dişi, qızıl tozu, dәvәquşu tükü, dәri, mum, hәmçinin qul alveri, idxalatını isә silah, kağız, geyim, pambıq parça, çay vә şәkәr tәşkil edirdi. 19 әsrin ikinci yarısında F.-da sәnusilәr (bax Sәnusiyyә) әhәmiyyәtli rol oynamışlar. Osmanlıların Böyük Sәhrada fransızlarla rәqabәti (1858–1911) vә İtaliya–Türkiyә müharibәsi (1911–12) türklәrin F.-dakı hakimiyyәtinә son qoydu. Lakin yerli әhalinin işğalçılara qarşı müqavimәti sәbәbindәn İtaliya yalnız 1930 ildә Trablusqәrbi işğal etmişdi. İkinci dünya müharibәsi gedişindә F. fransız qoşunları tәrәfindәn tutulmuş (1943), burada Fransanın hәrbi bazası yaradılmışdır (1956 ildә fransız qoşunları F.-dan çıxarılmışdı). 1951 ildә Liviya müstәqillik qazandıqdan sonra F. onun tәrkibindәdir.