FIRTINAQUŞULAR (Procellariidae) – boruburunlular dәstәsindәn quş fәsilәsi. 14 cinsi (o cümlәdәn fırtınaquşular, yelbәsәr, balinaquşular, qasırğaquşular), 74 növü var. Bәdәninin uz. 25–70 sm, çәkisi 150– 800 q (nәhәng fırtınaquşu 5 kq-dәk) olur. Lәlәk örtüyü qara, qonur, maviyәçalan-boz, ağdır; adәtәn yuxarı hissәdә tünd, aşağıya doğru açıq rәngli, bәzәn bütövlüklә tünd rәnglidir. Dimdiyi uzunsov, möhkәm, ucunda qarmaqcığı var. Burun dәliyi borucuqları üst dimdiyin ucunda yerlәşir; bәzәn onlar içәridәn nazik arakәsmә ilә bölünәn bir borucuqda birlәşir. F.-ın uçuşu yüngül vә manevrli, әsasәn, havada süzәndir. F. yaxşı üzür, quruda çәtinliklә hәrәkәt edir. Bütün dünyada yayılmışdır; Cәnub yarımkürәsindә növmüxtәlifliyi vә sayı daha çoxdur. Əsasәn, plankton xәrçәngkimilәr, balıq vә vәtәgәlәr tullantıları ilә qidalanır; yemini suyun sәthindәn vә ya suya baş vurmaqla әldә edir. Daşların altında, bәzәn qayaların çıxıntılarında vә ya yerdә yuva qurur. Bir yumurta qoyur; hәr iki valideyn 43–60 gün kürt yatır; әtcәbalalar yuvada 2– 5 ay qalır. F.-nın bәzi nümayәndәlәri әsasәn, әtinә, piyinә vә yumurtasına görә ov obyektidir. 40-dan çox növü BTMC-nin “Qırmızı kitab”ına daxil edilib.
Nәhәng şimal fırtınaquşu (Macronectes halli).