FISTIQ (Fagus) – fıstıqkimilәr fәsilәsindәn çiçәkli bitki cinsi. İri, yarpağıtökülәn sütunabәnzәr gövdәli (hünd. 45–50 m-әdәk dә vә diametri 2 m-әdәk), hamar boz qabıqlı vә sıx, dәyirmi çәtirli birevli ağacdır. Yarpaqları tamkәnarlı, kәnarları çox vaxt kirpikciklidir. Çiçәklәri xırda, görkәmsiz, ayrıcinsiyyәtlidir; zınqırovvarı kasacıqlı erkәk çiçәklәri sallanan başcıq çiçәk qrupunda toplanmış vә son ikin zoğların әsasında yerlәşir, yuxarı hissәdә isә altılәçәkli kasacıqlı dişi çiçәklәr ikiçiçәkli çiçәk qrupunda toplanmışdır. Meyvәsi bir qozada 2–4 әdәd olmaqla, ağaclaşmış qәhvәyi qabıqlı üçüzlü fındıqdır; toxumu yağla zәngindir (50%-әdәk). F. toxumlarla çoxalır. 500 ildәn çox yaşayır. Şimal yarımkürәsinin vә Meksikanın mülayim iqlimli әrazilәrindә 10 növü yayılmışdır. Azәrb.-da 1 növü – Şәrq F.-ı (F.orientalis) bitir, Qafqazda, Kiçik Asiyada, Qәrbi Avropa ölkәlәrindә, Balkan y-a-nın ş.-indә, İranın şm.-ında Karpat, Krım, Şәrqi Asiya (Yaponiya, Çin), Şimali Amerikada (ABŞ), Suriyada geniş yayılmışdır. Dağlarda 2300 m-әdәk yüksәklikdә bitir. Havanın yüksәk rütubәtliliyinә meyillidir.
Şәrq fıstığı (F.orientalis), yarpağı vә meyvәsi.
F. dağmöhkәmlәndirәn, torpaqqoruyan, torpağı yaxşılaşdıran bitkidir. Onun bәrk, ağır oduncağı uzunömürlüdür, yaxşı cilalanır, naxışı gözәldir; mebel, faner, parket hazırlanmasında vә üzlük materialı kimi istifadә olunur. Qovrulmuş fındıqları dadlı vә yemәlidir (kal meyvәlәri tәrkibindә baş ağrılarına sәbәb olan fagin alkaloidi olduğuna görә zәhәrlidir); onlardan qida üçün vә texniki yağ alınır. Çiy vә qaynadılmış fındıqları heyvanlara yem kimi verilir. Bax, hәmçinin Fıstıq meşәlәri.