FİÁNNA FOYL (Fianna Fail, hәrfәn – tale әsgәrlәri) – İrlandiyanın siyasi partiyası. Əsası 1926 ildә Şin feyn hәrәkatının keçmiş lideri İ. De Valera tәrәfindәn qoyulmuşdur (1959 ilәdәk partiyanın lideri kimi qalmışdır). B. Britaniyadan asılı olmayan, tam müstәqil İrlandiya Resp.-nın yaradılması, B.Britaniya xeyrinә yığılan torpaq vergisinin lәğvi, milli iqtisadiyyatın inkişafı, ingilis hәrbi-dәniz bazalarının İrlandiya a.-ndan çıxarılması tәlәblәrilә çıxış etmişdir. 1932 ildә F.f. parlament seçkilәrindә qalib gәldi, De Valera baş nazir oldu (1948 ilәdәk). İrlandiya müstәqillik әldә etdikdәn sonra F.f. ölkәdә әsas siyasi qüvvәlәrdәn biri, 1951–54, 1957–73, 1977–81, 1982, 1987–94, 1997–2011 illәrdә iqtidar partiyası (o cümlәdәn koalisiya tәrkibindә) olmuşdur. Ənәnәvi olaraq mötәdil sağ mәrkәzçi mövqelәrdә durur, iri biznesmenlәr, fermerlәr vә ziyalıların bir hissәsi tәrәfindәn dәstәklәnir. F.f. İrlandiyanın Avropa İttifaqına inteqrasiyasının tәrәfdarı kimi çıxış etmiş, Avropa parlamentindә F.f.-un nümayәndәlәri “Avropa uğrunda liberallar vә demokratlar alyansı” mәrkәzçi qrupuna daxil olmuşlar.