FİBRİL ZÜLALLARI – peptid zәncirlәri bir oxa nisbәtәn sıra ilә düzülәrәk uzun liflәr (fibrillәr) vә ya qatlar әmәlә gәtirәn zülallar. Proteolitik fermentlәrin tәsirinә davamlıdır. F.z.-na toxuma vә struktur sәrtlik, möhkәmlik, elastiklik verәn birlәşdirici toxumanın әsas struktur zülalları olan kollagen vә elastin, tük vә buynuz törәmәlәrinin keratinlәri, tәbii ipәyin fibroini vә s. aiddir. Fibrilyar zülal strukturları hәm hüceyrәnin daxilindә (miofibrillәr, keratinlәr), hәm dә xaricindә (kollagen liflәri, ipәk) olur. F.z.-ın әsas tiplәrinin komformasiyaları α-spiral (α-keratin), büküklü qat (β- keratin, fibroin) vә ya superspiral (kollagen) struktur tiplәrinә aiddir. F.z.-nın molekulyar strukturunun geniş müxtәlifliyi zәncirlәrin yığılma fәrqlәri hesabına da tәmin olunur. Bәzi qlobulyar zülallar fibrilyar formaya (mәs., denaturasiya zamanı) çevrilә bilәr, F.z.-dan isә müәyyәn şәraitdә qlobulyar strukturlar әmәlә gәlә bilәr.