FİDEİZM (fr. fideisme, lat. fides - din, inam) - elmi dinə tabe etməyə, dini ehkamları müdafiə üçün elmi biliklərdən istifadəyə cəhd göstərən təlim. F.-ə görə, elm yalnız hadisələrin, faktların ikinci (fiziki) səbəbləri haqqında bilik verir, lakin ilkin (fövqəltəbii) səbəbləri aşkara çıxarmağa, varlığın ən dərin mənbəyini izah etməyə qabil deyil və elmi idrak həqiqəti axıradək aşkara çıxara bilməz. Fideistlərin fikincə, yalnız din aləmin mövcudluğu prinsiplərinin əsl izahını, insan həyatının məqsəd və mənasını verir, elm isə bu məqsədin həyata keçməsinə sadəcə vasitə olur (bax Din, Teologiya).