FİFİ (Tringa glareola) – ilbizcüllüt cinsindәn cüllüt. Uz. 18–21 sm, kütlәsi 52–96 q, qanadları açılmış halda 35– 40 sm olur. Rәngi bozumtul alabәzәk xallı, qarnı vә quyruqüstü ağ, qaşı açıq rәngdәdir. Ayaqları sarımtıl-yaşıldır. Uçanda “fli” (adı da buradandır) sәsi çıxarır. Avrasiyanın Şotlandiyadan Çukotkayadәk tundra, meşә-tundra vә tayqa zonasına xasdır, Sibir vә Monqolustanda meşә-bozqırlarında yayılıb. Xırda su hövzәlәrinә, mamırlı vә otlu bataqlıqlara meyillidir. Şәrq yarımkürәsinin tropik vә subtropik dәniz sahillәrindә qışlayır. Köçәrkәn vә qışlayanda dәstәlәrdә olur. Yuvalama yerlәrinә qar әridikdә gәlir, avqust-sentyabrda uçub gedir. Uçub gәldikdәn sonra cinsi sәslәşmә, cütlәrә ayrılma vә әrazi üzrә yerlәşmә baş verir. Yuvasını yerdә vә ya kötükdә qurur, 4 yumurta qoyur, hәr iki valideyn kürt yatır, balaları bәzәn yalnız erkәk gәzdirir. Quşların çoxu hәr il әvvәlki yerlәrinә qayıdır.
Fifi (Tringa glareola).