FİHRİST (fars.فحرست – siyahı, indeks; әrәblәşmiş variantı – f ә h r ә s ә) – orta әsrlәrdә Yaxın Şәrqdә biblioqrafik sәciyyәli әsәrlәrin ümumi adı; bәzәn bәrnamәc, mәşyәxә, mücәm dә adlandırılmışdır. İlk nümunәlәrindәn biri İbn Nәdimin 988 ildә tamamlanmış “Kitabül-fihrist” әsәridir. 10 hissәdәn ibarәt bu әsәr bütün sonrakı eynitipli әsәrlәr üçün örnәk olmuş, orta әsrlәr әrәbdilli әdәbiyyatının öyrәnilmәsindә başlıca mәnbәyә çevrilmişdi. F.-lәrdә ilahiyyat, fiqh, hәdis, kәlam, fәlsәfә, dilçilik, әdәbiyyat, tarix, nәsәb (geneologiya) vә s. elmlәrә dair әsәrlәrin siyahısı әksini tapırdı. Siyahı bәzәn kitabları tәdris etmiş müәllimlәrin adlarına görә qurulurdu. Digәr mәşhur F. nümunәlәri İbn Xeyr İşbilinin (ö. 1179) “Fәhrәsә”si (750-dәn çox әsәrin siyahısı), İbn Ətiyyә әl-Əndәlusinin (12 әsr) “Fihris”i, Əli ibn Mәhәmmәd әr-Rueyninin “Bәrnamәc”i, İbn Cövzinin (12 әsr) “Mәşyәxә”si vә s.-dir. Katib Çәlәbinin nisbәtәn sonrakı dövrә aid mәşhur “Kәşfüz-zünun әn әsamil-kütüb vәl-fünun” (“Kitab vә fәnn adlarında zәnlәrin açılması”) әsәri 15 minә yaxın kitab vә risalә, 10 minә yaxın müәllif vә 300-әdәk elm sahәsinә dair mәlumatları ehtiva edir.