FİKOBİLİNLƏR (yun. φύκος – yosun +lat. bilis – öd) – qırmızı yosunlar vә sianobakteriyaların piqmentlәri: fikoeritrinlәr qırmızı, fikosianinlәr göy rәngdәdirlәr. Kimyәvi tәbiәtinә görә xromoproteinlәr qrupundan olan zülaldır, qeyri-zülal hissәnin tәrkibinә öd turşularının analoqları – bilin xromoforları daxildir. Hüceyrәlәrdә xüsusi hissәciklәrdә fikobilinosomlarda lokallaşmışdır. Fikoeritrinlәrin mol. kütlәsi 72000–300000, fikosianinlәrinki 134000– 273000-dir. Zülal hissә 2–4 xromofor qrupu olan bir neçә subvahiddәn ibarәtdir. Xlorofilin cüzi udduğu spektrin yaşıl nahiyәsindә şüalanmanı udurlar. Udulmuş işıq enerjisini xlorofil molekullarına çatdırmaqla fotosintezdә müşayiәtedici piqmentlәr kimi iştirak edir.