FİKRƏT QOCA (tam adı və soyadı Fikrət Göyüş oğlu Qocayev; d.25.8.1935, Ağdaş r-nu, Kotanarx к.) - Azərb. şairi. Azərb. Resp. xalq şairi (1999), əməkdar incəsənət xadimi . Azərb. Resp. Dövlət mükafatı laureatı. Moskva- dakı M.Qorki ad.Ədəbiyyat İn.-tunu (1964) bitirmişdir. 1964-87 illərdə “Azərbaycan gəncləri” qəzetində, Azərb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Azərbaycan” jurnalında işləmiş, Azərb. Yazıçılar İttifaqında məsul katib, 1987-2003 illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru olmuşdur. 1992 ildən Azərb. Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. “Bacıqızı” adlı ilk mətbu şeiri 1956 ildə “Kirpi” jurnalında dərc olunmuşdur. “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadığım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. şeir və poema toplularında vətən məhəbbəti, lirik duyğular, insan və zaman haqqında düşüncələr poetik ifadəsini tapmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərb.-da gedən azadlıq mübarizəsindən bəhs olunur. Nəsr əsərləri də yazmışdır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, qiyamətədək” (2000), “İlham və Fərizə” (2003) povestlərində 1990 ilin 20 Yanvar hadisələri əksini tapmışdır. “Bayraq tutan oğullar”, “Cənnətdən qovulmuşlar”, “Şəhidlər xiyabanı” poemalarında erməni təcavüzündən, Qarabağdan didərgin düşmüş dinc əhalinin ağrılarından bəhs edilir. M.Lermontov, T.Şevçenko,Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. 300-dən çox şeirinə (“Anacan, dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl, ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.) musiqi bəstələnmişdir. “Eldən elə-dildən dilə” toplusu (1988) mahnı bəstələnmiş şeirlərindən ibarətdir. Bir sıra kinofilmlərdəki (“Qayınana”, “Mənim bəlalı sevgim”, “Baladadaşın ilk məhəbbəti” və s.) mahnıların mətninin müəllifidır. Azərb. Resp.-nın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
Ə s ə r l ə r i: Цветы зимой, М., 1969; Ömürdən səhifələr, B., 1984; Taleyin ağır taleyi, B., 1990; Sükutun səsi. Tehran, 1991; “Ömrümdən anlar”. Ankara, 2005; Seçilmiş əsərləri (10 cilddə), B., 2014-2015.
Əd.: Y u s i f l i V. Ürəyimi sərdim günəşə, B., 1997; Paşayev Q. Fikrət Qoca. B., 2005; P ə n a h G. Fikrət Qocanın yaradıcılıq yolu. B., 2006.