FİQUR VƏ FON – ilk dәfә tәsviri sәnәtdә meydana gәlmiş, 20 әsrin әvvәlindә danimarkalı geştaltpsixoloq E. Rubin tәrәfindәn psixologiyaya daxil edilmiş anlayış; fәrqlәndirmә. Fiqur fenomenal sahәnin qapalı, irәli çıxan vә diqqәti cәlb edәn “әşyavi” sәciyyәli hissәsidir. Fon isә fiquru әhatә edir vә onun arxasında davamlı olaraq görünür. Fiqur fona nisbәtәn daha aydın vә mәzmunca daha zәngindir. F. vә F. bölgüsünә ayrı-ayrı hissәlәri gah fiqur, gah da fon kimi qavranılan ikimәnalı şәkli misal göstәrmәk olar. Sağlam orqanizm әtraf mühitlә öz ehtiyacına uyğun tәmas qurmaqla qarşılıqlı fәaliyyәtdә olur, yәni әtraf mühitdә “fiqur”u seçir. Başlıca ehtiyac tәmin olunduqdan – geştalt tamamlandıqdan sonra fiqur “fon”a keçir. Geştaltların formalaşma vә tamamlanma ritmi orqanizmin hәyat fәaliyyәtinin tәbii ritmidir. Bu ritmin pozulması (tamamlanmamış geştaltdan digәrinә keçid) psixi pozuntuya, hәtta nevroza sәbәb ola bilir. Pasiyentә öz ehtiyaclarını müәyyәnlәşdirmәk, sıralamaq vә neytrallaşdırmaqda yardım etmәk geştaltterapiyanın başlıca vәzifәsidir.
Fonda fiqurun, yәni bütün digәr predmetlәr arasında qavrayış obyektinin fәrqlәndirilmәsi bioloji zәrurәtdir. Heyvanlarda hәyati әhәmiyyәtli obyektlәrin fәrqlәndirilmәsi, adәtәn, genetik cәhәtdәn şәrtlәnir. İnanda fonda fiqurun fәrqlәndirilmәsi psixofizioloji mexanizmlәri ehtiva edir, sosial vә şәxsiyyәt amillәri ilә müәyyәnlәşir. Geştaltpsixologiya göstәrir ki, istәnilәn müstәvi tәsvir qavrayış zamanı fiqur vә fon laylarına ayrılır. Uzunmüddәtli qavrayışda fiqur vә fon yerini dәyişә bilәr.