FİQURLU SÜRÜŞMƏ, k o n k i l ə r d ə - konkisürmə idmanı növü. F.s.-yə qadın və kişilərin sürüşmələrdə və idman rəqslərində tək və qoşa çıxışları, qruplarla sinxron sürüşmə yarışları daxildir. Tək sürüşmədə yarışlar 8 mütləq elementli (tullanma, fırlanma, addım kombinasiyaları; hərəkətlərin icrası 2 dəq. 50 san.-dən çox olmamaqla) qısa sərbəst proqramdan və sərbəst (elementlərin seçimi sərbəstdir, qadınlır üçün 4 dəq. kişilər üçün 4 dəq. 30 san.) proqramdan ibarətdir. Qoşa sürüşmələr bağlayıcı addımlarla bərabər 8 mütləq elementli, saxlama və birgə fırlanmalar kombinasiyalarının daxil olduğu qısa sərbəst proqramdan (3 dəq.-yə qədər) və sərbəst proqramdan (5 dəq.) ibarətdir. Sərbəst sürüşmənin bütün növlərində musiqi seçimi azaddır (vokal musiqiyə icazə verilmir). Qısa proqramların icrası iki qiymətlə qiymətləndirilir: 1-ci qiymət bütün səhvlər qeydə alınmaqla göstəriş elementlərinin icrası üçün, 2-ci qiymət isə proqramın təqdimatı üçün verilir. Təqdimat üçün qiymət verilərkən bütövlükdə proqramın həmahəngliyi və ona müvafiq musiqi seçimi; proqramın sürətində dəyişiklik; məkan və sürüşmə meydançasından bütünlüklə istifadə; musiqiyə uyğun hərəkətlərdə əminlik və yüngüllük; qamət və üslub; orijinallıq; musiqinin xarakterinin ifadəsi; sinxronluq (qoşa çıxışlarda) nəzərə alınır. Buzüstü rəqslər üzrə yarışlarda həm mütləq, həm də orijinal rəqslərin ifası üçün xüsusi qaydalar və tələblər (ifa texnikasına və musiqi duyumuna, ifadəliliyə görə) mövcuddur.
Konkilərdə F.s. idman növü kimi 1860-cı illərdə formalaşmış və 1871 ildə konkisürənlərin 1-ci konqresində tanınmışdır. 1891 ildə Hamburqda kişilər arasında F.s. üzrə ilk Avropa çempionatı (alman fiqurçusu O.Uliq qalib gəlmişdir), 1896 ildə S.-Peterburqda ilk dünya çempionatı (qalib H.Fuxs, Almaniya) keçirilmişdir. 1906 ildə Davosda qadınlar arasında dünya çempionatı, 1908 ildə S.-Peterburqda qoşa çıxışlar; 1930 ildən qadınlar arasında və qoşa çıxışlar üzrə Avropa çempionatları, 1950-ci illərin əvvəllərindən idman rəqsləri üzrə dünya və Avropa çempionatları keçirilmişdir. 1924 ildən konkilərdə F.s. Qış Olimpiya Oyunlarının proqramına (1908 və 1920 ildə yarışlar Yay Olimpiya Oyunları çərçivəsində keçirilmişdir) daxildir; qruplarla sinxron sürüşmə qeyri-Olimpiya növüdür, 2000 ildən dünya çempionatları keçirilir. 1946 ilə qədər konkilərdə F.s.-nın ayrı-ayrı növləri üzrə birinciliklər ayrılıqda, 1947 ildən isə eyni vaxtda bir öl kədə keçirilmişdir.
Beynəlxalq yarışlarda ən çox uğur qazanan idmançılar: G. Qrafström, U.Salxov, S.Heni - tək çıxışlarda; İ.K.Rodnina, L.Y.Belоusоva, O.A.Protopopov - qoşa çıxışlarda; D. Tayler, B.Ford, C. Torvill, K.Din, L.A.Paxomova, A.G.Qorşkov - idman rəqslərində.
Azərb. Konkisürmə Federasiyası 1998 ildə təsis edilmişdir.