FİLANTROPİZM, f i l a n t r o p i n i z m (yun.φιλάνJρωπος - insanın dostu) - 18 əsrin sonlarında Almaniyada fransız maarifçiliyinin və ilk növbədə J.J.Russonun ideyalarının təsirilə yaranmış pedaqoji cərəyan. F.-in banisi İ.B.Bazedov, eləcə də İ.K.Quts-Muts, K.Q.Zaltsman və b. başlıca qüsuru əzbərçilik və real həyatdan uzaq olan mövcud tərbiyə və təhsil sisteminin kökündən dəyişdirilməsini məqsəd kimi qarşılarına qoymuşdular. Filantropistlər təhsili təbiət və həyatla bağlamağa çalışır, onu uşaqlar üçün sevinc mənbəyinə çevirmək istəyirdilər. Bu ideyaları həyata keçirmək üçün internat tipli məktəblər - filantropinlər yaradılmışdı; ilk belə məktəb 1774 ildə Bazedov tərəfindən Dessauda açılmış və əsasən, imkanlı ailələrin uşaqları üçün nəzərdə tutulmuşdu. Yoxsul ailələrin uşaqları da ianələrin hesabına qəbul edilirdi. Tədris kursu bu şagirdlərin gələcəkdə universitetlərdə təhsil almasına imkan yaradırdı. Filantropinlərdə ilk dəfə olaraq gimnastika məşğələlərinin, əmək təliminin və uşaq ədəbiyyatı mütaliəsinin məktəb sistemləri işlənib hazırlanmışdı. Filantropistlər təhsil müəssisələrində pedaqoji fənlərin tədrisinin yaxşılaşdırılmasına təsir göstərirdilər. İlk pedaqogika kafedrası 1780-ci illərin əvvəllərində Halle un-tində E.X.Trapp tərəfindən yaradılmışdı. Filantropistlərin pedaqoji ideya və təcrübələri 19 əsrin sonlarında yeni tər biyə tərəfdarları tərəfindən istifadə olun muşdur.