FİLBİ (Philby) Harri Sent-Con Bricer [3.4.1885, Seylon (indiki Şri-Lanka), Badulla – 30.9.1960, Livan, Beyrut] – İngiltәrә müstәmlәkә xadimi, şәrqşünas. 1908 ildә Kembric Un-tini bitirmişdir. 1908–25 illәrdә Hindistanda, İraqda vә Transiordaniyada ingilis müstәmlәkә administrasiyası orqanlarında çalışmışdır. 1925 ildәn, әsasәn, Sәudiyyә Ərәbistanında yaşamışdır; 1930 ildә islamı qәbul etmişdir. Sәudiyyә Ərәbistanı kralı İbn Sәudun müşaviri olmuşdur. ABŞ-ın ARAMKO neft şirkәtinin Sәudiyyә Ərәbistanında konsessiya almasında mühüm rol oynamışdır. 1939 ildә Fәlәstin mәsәlәsinә dair “Dairәvi masa” konfransında әrәb dövlәtlәrinә müstәqillik verilmәsi qarşılığında Fәlәstinin sionistlәrә verilmәsi tәklifini irәli sürmüşdür. 1955 ildә İbn Sәudun ölümündәn sonra hökumәt әleyhinә fәaliyyәtinә görә Sәudiyyә Ərәbistanından qovulmuşdur.
F. Ərәbistan tarixi, etnoqrafiyası vә mәdәniyyәtinin dәrin bilicisi, bir çox monoqrafiyanın müәllifidir. İbn Sәuda yaxın olan vә onun arxivindә işlәyәn yeganә alim kimi F.-nin әsәrlәri ilkin mәnbә sәciyyәsi daşıyır. Əsәrlәrindә İbn Sәudun, onun daxili vә xarici siyasәtinin mәddahı kimi çıxış edәn F. onu “Mәhәmmәd peyğәmbәrdәn sonrakı dövrün әn böyük әrәbi” adlandırır. F. bilәrәkdәn Ərәbistan y-a tarixindә Yәmәnin, Omanın, Küveytin rolunu kiçildir, Britaniya müstәmlәkәçilәrinin fәaliyyәtini şişirdirdi. F.-nin әsәrlәri Qәrbi Avropa, qismәn dә әrәb tarixşünaslığına әhәmiyyәtli tәsir göstәrmişdir.
Ə s ә r l ә r i: The heart of Arabia, v. 1–2. L., 1922; Arabia. L., 1930; The Empty Quarter. L., 1933; Harun al Rashid. L., 1933; N.Y., 1934; Arabia of the Wahhabis. L., 1935; Sheba’s daughters. L.,1939; A pilgrim in Arabia. L., 1946; Arabian days [2 ed.]. L., 1948; The Land of Midian. L., 1957; Forty years in the wilderness. L., 1957.