FİLİPP (Philippe) – Fransa krallarının adı.
I F i l i p p (23.5.1052 – 29.7.1108, Melön) – Kapetinqlәr sülalәsindәn Fransa kralı [1060–1108]. Kral I Henrixin böyük oğlu. I F. mәrkәzi hakimiyyәtә tabe olmayan vassallarına qarşı mübarizә gedişindә xәzinәyә böyük gәlir gәtirәn investitura hüququnu qazanmışdı. Kral domenini xeyli genişlәndirmiş, qraflardan vә baronlardan asılı olmayan idarәçilik sistemini qurmağa başlamış, Parisi Fransa krallığının paytaxtı etmişdir.
I I F i l i p p A v q u s t (21.8.1165, Paris – 14.7.1223, Mant) – Kapetinqlәr sülalәsindәn Fransa kralı [1180–1223]. VII Lü- dovikin oğlu. II F. “Frankların kralı” әvәzinә “Fransa kralı” titulunu qәbul etdi. Uğurlu mәrkәzlәşdirmә siyasәti yürüdürdü. Kral domenini dörd dәfә genişlәndirmәklә Fransada әn iri torpaq sahibinә çevrilәn II F. feodal әyanlarının özbaşınalığının qarşısını aldı, bir sıra inzibati vә maliyyә islahatı keçirdi. 3-cü sәlib yürüşünün (1189–92) başçılarından biri idi. İngilis kralı Torpaqsız İoanndan Normandiyanı, sonra isә Men, Turen, Anju vә Puatunun böyük hissәsini geri aldı (1204); 1206 il müqavilәsinә görә, ingilis kralı Luara çayından şm.-da yerlәşәn fransız torpaqlarına hüququndan imtina etdi. Buvin yaxınlığındakı vuruşmada (1214) almanların, bәzi fransız qraflarının vә ingilislәrin birlәşmiş qüvvәlәri üzәrindә qәlәbә qazandı. Albi müharibәlәrindә iştirak edәn II F. Tuluza qraflığını da kral domeninә qatdı.
III F i l i p p, C ә s u r F i l i p p (30.4. 1245, Puassi – 5.10.1285, Perpinyan) – Kapetinqlәr sülalәsindәn Fransa kralı [1270–85]. IX Lüdovikin oğlu. Atası ilә birlikdә 8-ci sәlib yürüşündә iştirak etmişdi. Kral domenini genişlәndirmiş, oğlunun sülalә nikahı nәticәsindә isә Navarranı, Şampanı vә Brini Fransaya birlәşdirmişdi.
IV F i l i p p, G ö z ә l F i l i p p (1268, Fontenblo – 29.11.1314, orada) – Kapetinqlәr sülalәsindәn Fransa kralı [1285– 1314]. III Filippin oğlu. Flandriya ilә müharibә (1297–1305) nәticәsindә Due, Lill, Betün vә Orşi ş.-lәrini Fransaya birlәşdirmişdir. Kәskin maliyyә çatışmazlığı sәbәbindәn yeni vergilәr tәtbiq etmiş, yәhudilәrin vә lombardiyalıların әmlakını müsadirә etmiş, sikkә әyarının azaldılmasına әl atmışdır. Din xadimlәri üzәrinә vergi qoyması Roma papası VIII Bonifasi ilә münasibәtlәri kәskinlәşdirmiş vә münaqişәyә (1296–1303) gәtirib çıxarmış, nәticәdә Papalıq Fransa krallarından asılı vәziyyәtә (bax Avinyon әsirliyi) düşmüşdü. İlk dәfә Baş ştatları çağırmışdı (1302). Tampliyerlәr ordeninin әmlakını müsadirә edәrәk ordenin Roma papası tәrәfindәn lәğvinә (1312) nail olmuşdur.
V F i l i p p, U z u n F i l i p p (17.11. 1291, Lion – 3.1.1322, Paris) – Kapetinqlәr sülalәsindәn Fransa kralı [1316–22]. IV Filippin ikinci oğlu. Qadınları taxt-tac varisliyindәn uzaqlaşdırmaq haqqında qanunun qәbul edilmәsinә nail olmuşdu. Flandriya ilә müharibәni dayandırmışdır. Daxili hәrc-mәrcliyi aradan qaldırmaq, dövlәt idarәçiliyini nizamlamaq mәqsәdilә çoxsaylı fәrmanlar vermişdir. Dövlәtin ara müharibәlәri zamanı itirdiyi sikkә zәrb etmәk vә tәdavülә buraxmaq hüququnun bәrpasına, vahid ölçü vә çәki sisteminin tәtbiqinә çalışmışdır. Ölümündәn sonra varislik qanununa әsasәn hakimiyyәt kiçik qardaşı IV Karla keçmiş, sonuncu isә bütün idarә işlәrini dayısı Karl Valuaya tapşırmışdı.
VI F i l i p p V a l u a (17.11.1293, Fontenblo – 22.8.1350, Nojen-le-Rua) – Fransa kralı [1328–50]. Qraf Karl Valuanın oğlu. Valua sülalәsinin banisi. Flandriya üsyanının (1323–28) yatırılmasında Neverli Lüdovikә hәrbi yardım göstәrmişdir. Onun hakimiyyәti zamanı Yüzillik müharibә (1337–1453) başlamışdır. VI F.-in başçılıq etdiyi fransız qoşunları Kresi yaxınlığındakı vuruşmada (1346) ingilislәrә mәğlub olmuşlar. 1341 ildә kral domenindә duz vergisi (fr. qabel, әr. qәbalә, qәbz sözündәn) tәtbiq etmişdir.