FİLİPP (yun. Φίλιππος) – Qәdim Makedoniya çarlarının adı.
II F i l i p p (tәqr. e.ә. 382, Makedoniya, Pella – e.ә. 336, Makedoniya, Aqai) – Makedoniya çarı [e.ә. 359–336]. Makedoniya çarı III Amintanın oğlu. Makedoniyalı İsgәndәrin atası. Makedoniyanın birlәşdirilmәsini başa çatdırmış (e.ә. 359), ölkәnin siyasi, iqtisadi vә hәrbi qüdrәtini artırmaq mәqsәdilә bir sıra islahatlar (nizami qoşun vә güclü donanmanın yaradılması, Makedoniya falanqasının tәşkili, vahid pul sis- teminin tәtbiqi vә s.) keçirmişdi. E.ә. 359–336 illәrdә Peoniyanı, Fessaliyanı, İlliriyanın bir hissәsini, Xalkidikanı işğal etmiş, Epir, Frakiya vә s. әrazilәri Makedoniyadan asılı vәziyyәtә salmış, Xeroneya vuruşmasından (e.ә. 338) sonra Makedoniyanın Yunanıstan üzәrindә hegemonluğuna nail olmuşdu. Saray sui-qәsdi nәticәsindә öldürülmüşdür.
V F i l i p p (tәqr. e.ә. 238–179) – Makedoniya çarı [e.ә. 220–179]. Roma ilә birinci Makedoniya müharibәsi (e.ә. 215–205) nәticәsindә romalıların İlliriyadakı bir sıra әrazilәrini әlә keçirmişdi; ikinci Makedoniya müharibәsindә (e.ә. 200–197) Kinoskefala yaxınlığındakı vuruşmada (e.ә.197) mәğlubiyyәtә uğramış vә tutduğu bütün әrazilәrdәn imtina etmişdi.