FİLİPPİN İNQİLABI (1896–98) – Filippindә ispan müstәmlәkәçilәrinin ağalığına qarşı silahlı üsyan. 1896 ilin avqustunda Filippinin müstәqilliyi uğrunda A.Bonifasionun başçılıq etdiyi Katipunan gizli vәtәnpәrvәr tәşkilatının çağırışı ilә başladı. Mәrkәzi Lusonda vә Maniladan c.-dakı bir sıra rayonda hakimiyyәt Katipunanın әlinә keçdi. Üsyan hәmçinin Qәrbi Lusona yayıldı. 1896 il martın 22-dә Teheros ş.-ndә üsyan liderlәrinin mәclisindә müstәqil Filippin respublikası elan olundu. Katipunan tәşkilatının üzvü E.Aginaldo prezident vә hökumәt başçısı seçildi. Hәrәkata rәhbәrliyi öz әlindә cәmlәşdirmәyә çalışan Aginaldo vә onun tәrәfdarları Katipunanın buraxılmasına nail oldular, 1897 il mayın 10-da isә Aginaldonun әmri ilә Bonifasio güllәlәndi. 1897 il noyabrın 1-dә Biak-na- Bato ş.-ndә üsyançı dәstәlәrin nümayәndәlәrinin konfransında müstәqil Filippinin müvәqqәti konstitusiyası qәbuledildi. Lakin Aginaldo tәrәfdarları İspaniya ilә mübarizәnin dayandırılmasına çalışırdılar. Noyabrın 18-dә üsyanın dayandırılması haqqında İspaniya gen.-qubernatoru Primo de Rivera ilә Biaknabat müqavilәsi (1897) imzalandı. Dekabrın 27-dә Aginaldo vә onun yaxın әtrafı Honkonqa getdilәr. 1898 ilin fevralında silahı yerә qoymayan üsyançılar tәrәfindәn hәrbi әmәliyyatlar yenidәn başladı. 1898 ilin aprelindә ABŞ İspaniya müstәmlәkәlәrini tutmaq uğrunda müharibәyә başladı [bax İspaniya–Amerika müharibәsi (1898)]. ABŞ qoşunlarının yardımı ilә 1898 il iyunun 12-dә Kavitdә ikinci dәfә Filippinin müstәqilliyi elan olundu. Vәtәnә qayıdan Aginaldo yenidәn inqilabi hökumәtә başçılıq etdi. Üsyançılar demәk olar ki, bütün arxipelaqı ispan qoşunlarından azad etdilәr vә Amerika qoşunları ilә birlikdә Manilanı mühasirәyә aldılar. Avqustun 13-dә İspaniya komandanlığı ilә әldә edilmiş razılığa әsasәn ABŞ qoşunları Manilaya döyüşsüz daxil oldu. Sentyabrın 15-dә Filippin respublikasının konstitusiyasını (Malolos konstitusiyası) işlәyib hazırlayan vә qәbul edәn İnqilabi konqres fәaliyyәtә başladı. 1898 il dekabrın 10-da ABŞ Filippinin müstәqilliyini nәzәrә almadan İspaniya ilә sülh müqavilәsi imzalayaraq 20 mln. dollar müqabilindә Filippini “satın aldı”. 1899 il fevralın 4-dә Amerika qoşunlarının respublika ordusuna qarşı başladığı hәrbi әmәliyyatlar [Amerika-Filippin müharibәsi (1899–1901)] sonuncunun mәğlubiyyәti vә Filippindә Amerika müstәmlәkә rejiminin qurulması ilә nәticәlәndi.