FİLİPPİNLİLƏR (özlәrini p i l i p i n o s, p i n a y, p i n o y adlandırırlar) – Filippin әhalisinin ümumilәşdirici adı, polietnik millәt. Sayları 101 mln. nәfәrdir (2015). 20 әsrәdәk F. adı arxipelaqın yalnız azsaylı kreol (yәni ispan mәnşәli) әhalisinә aid edilir, yerli әhali isә hindlilәr (hindios) adlanırdı. 20 әsrin birinci yarısından “F.” adı Flippin xristianlarının böyük әksәriyyәtini tәşkil edәn visayyalara (35 mln. nәfәrdәn çox), taqallara (30 mln. nәfәr; 2016), iloklara (9,3 mln. nәfәr), bikollara (5,5 mln. nәfәr), pampanqanlara (2,3 mln. nәfәr), panqasinanlara (1,4 mln. nәfәr), ibanaqlara (850 min nәfәr); 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә isә arxipelaqın bütün sakinlәrinә, o cümlәdәn, yerli xalqlara – müsәlmanlara (morolar), Filippinin dağ xalqlarına vә aetalara şamil edilir. Filippin dillәrindә danışırlar. F.-in tәrkibinә hәmçinin çinlilәrin (çinoy, inçik), әsasәn, xristianlardan ibarәt Filippin-Çin metislәrinin (senqli), hindlilәrin (bumbay), yaponların, koreyalıların, әrәblәrin, vyetnamlıların qrupları vә b. daxildir. Hәmçinin ABŞ-da (2 mln. nәfәrdәn çox), Kanadada (0,7 mln. nәfәr; 2011), Malayziyada (250 min nәfәr), Avstraliyada (171,2 min nәfәr; 2011) vә digәr ölkәlәrdә yaşayırlar.
Malayya tarixi-etnoqrafik birliyinin (bax İndoneziyalılar mәqalәsinә) bir hissәnini tәşkil edirlәr. Filippin arxipelaqının Avstroneziyaqәdәrki sakinlәri Kalimantan a.-ndan vә onun vasitәsilә Cәnub-Şәrqi Asiyanın materik hissәsindәn gәlmiş, adaların әlçatmaz yerlәrindә mәskunlaşmış vә öz әski dillәrini itirmiş ovçu-yığıcı aetaların әcdadları olmuşlar. Genetik cәhәtdәn әn çox qaoşanlara yaxın olan avstroneziyalıların Tayvandan Malayya arxipelaqına köçü e.ә. 5-ci minilliyin әvvәllәrindә başlamışdır. Aeataların mәdәniyyәtinin bir sıra әlamәti (külәyә qarşı sipәrlәrdәn, ox vә kamandan istifadә, skarifikasiya vә burun arakәsmәsinin deşilmәsi) onları Cәnub-Şәrqi Asiyanın digәr zәnci qrupları ilә birlәşdirir, nizә, şәkildöymә, qulaq vә dodaq bәzәk әşyalarının xas olduğu avstroneziyalılardan isә fәrqlәndirir; bütün F. üçün saqo istehsalı, balıqovlama üsulları, tapa hazırlanması, betelçeynәmә, dişlәrin qaraldılması vә mişarlanması sәciyyәvidir. F.-ә xas olan qarışıq әkinli (quru dәrәlәrdә vә çaybasar sahәlәrdә çәltik, taro, yams vә s., kökümeyvәlilәr vә köküyumrular, banan, sitrus, palma vә s.) tala vә çaybasar әkinçiliyi, donuz, toyuq, keçi, it (o cümlәdәn qida mәqsәdilә) yetişdirilmәsi, düzbucaqlı planda quraşdırılan vә divarları yuxarıya doğru genişlәnәn karkas-dirәkli evlәr, abaka vә kapoka liflәrindәn toxuculuq, balansirli qayıqlar, ikat parçasını rәnglәmә texnikası, meqalitlәr mәdәniyyәti, düşmәn başlarının ovu, ayini kannibalizm, tәkrar dәfnetmә adәti, dünyanın üçhissәli kosmoqonik model şәklindә (Sәma – Yer – Yeraltı/Sualtı dünya) qavranılması kimi xüsusiyyәtlәr ümumavstroneziya mәdәniyyәti ilә bağlıdır. Filippin xalqlarının bir hissәsi (samalar) üçün oranq-lautların әnәnәvi hәyat tәrzi (o cümlәdәn Filippindәn kәnarda) sәciyyәvidir.
Filippinli qızlar gül festivalında. Bagio.