FİLİSTİMLƏR, filistimlilәr (ibrani dilindә – peliştim) – Aralıq dәnizinin ş. sahilindә yaşamış qәdim (ehtimal ki, Balkan mәnşәli) xalq. E.ә. 2-ci minilliyin sonlarında dәniz xalqları koalisiyasına daxil idilәr. Koalisiya dağıldıqdan sonra sahilindә mәskunlaşdıqları vilayәt xalqın adına uyğun olaraq Fәlәstin adlandırılmışdır. Yaşadıqları beş şәhәr Daqon allahı kultu әtrafında dini-siyasi ittifaq yaratmışdı. E.ә. 12 әsrdә fәal ekspansiyaya başlayan F., faktiki olaraq, bütün Fәlәstin üzәrindә hegemonluq edirdilәr. Ekspansiyanın gedişindә onlar israillilәrlә toqquşmuş vә e.ә. 10 әsrdә, ehtimal ki, çar Süleymanın hakimiyyәtinә tabe olmuş, lakin sonra müstәqilliklәrini bәrpa etmişlәr. Misir ilә Aşşur arasında mübarizә zamanı Misiri dәstәklәmiş F. Aşşur çarı II Sarqon tәrәfindәn tabe olunmuşlar. Aşşurun süqutundan sonra yenidәn müstәqillik qazanmış, lakin e.ә. 7 әsrin sonlarında Babilistandan asılı vәziyyәtә düşmüşlәr. Çox hissәsi Mesopotamiyaya köçürülmüş F. әtraf әhali ilә qaynayıb-qarışmış vә nәticәdә xalq kimi mövcudluqlarını itirmişlәr.