FİLLAX (Villach) – Avstriyanın c.-unda, Karintiya federal әrazisindә şәhәr. Drava çayı sahilindәdir. Əh. 61,2 min (2016). Maşınqayırma vә metal emalı, elektrotexnika, ağac emalı vә sellüloz-kağız, gön-dәri, tamlı mәhsullar sәnayesi var. Balneoloji kurortdur (radioaktiv vә termal sular). Turizm inkişaf etmişdir.
Fillax şәhәrindәn görünüş.
F. әrazisindә ilk mәskәnlәr e.ә. 4-cü minillikdә meydana gәlmişdir. Roma dövründә burada kiçik Santikum mәskәni yerlәşirdi. 9 әsrdә onun yerindә ticarәt mәntәqәsi yaranmışdı. 1240 ildә şәhәr statusunu almışdır. 1348 vә 1690 illәrdә baş vermiş zәlzәlәlәr nәticәsindә dağıntılara mәruz qalmışdır. 1759 ildә Habsburqların hakimiyyәtinә keçmişdir. Napoleon müharibәlәri (1799–1815) zamanı Fransa imperiyasının İlliriya әyalәtinin tәrkibindә idi.