FİLLƏR, f i l k i m i l ә r (Elephantidae) – xortumlular (Proboscidea) dәstәsindәn mәmәlilәr fәsilәsi. Eosendәn başlayaraq Avstraliya vә Antarktidadan başqa demәk olar ki, bütün kontinentlәrdә yaşamışlar. Fәsilәnin cins vә növlәrinin çox hissәsinin nәsli kәsilmişdir. 2 müasir cinsi var: A f r i k a F.-i (Loxodonta), onun 2 növü: savanna (L. africana) vә meşә (L. cyclotis) F.-i müvafiq olaraq Böyük Sәhranın c.-una doğru Afrikanın savanna vә tropik meşәlәrindә, Asiya F.-inin yeganә növü olan Asiya, yaxud hind F.-i (Elephas maximus) isә Cәnubi vә Cәnub-Şәrqi Asiyanın cәngәlliklәrindә yaşayırlar. Ən iri quru mәmәlilәridir (savanna filinin bәdәninin uz. 7,5 m-ә, hünd. 4 m-ә, kütlәsi 7,5 t-a çatır). Ayaqları güclü, sütunşәkillidir. İri başı, uzanmış burnunun vә üst dodağın әmәlә gәtirdiyi әzәlәli xortumla bitir; xortumun ucunda burun dәliklәri vә tutucu çıxıntıları (Afrika F.-indә 2, Hind F.-indә 1) olur. Xortum tәnәffüs, iybilmә, lamisә, emosiyaları göstәrmә, manipulyasiya aktivliyi üçündür, qida vә maye qәbuluna kömәk edir; böyük gücә malikdir vә eyni zamanda çox kiçik әşyaları tutmağa imkan verir. Qulaqları yelpikşәkillidir, Afrika F.-indә xüsusilә iridir. Bozumtul, qalın dәrisi çoxsaylı qatlar vә qırışlarla, seyrәk cod tüklәrlә örtülmüşdür. Gicgah hissәsindә yerlәşәn spesifik vәzilәr hövrәyәgәlmә zamanı xoşagәlmәz qoxulu çoxlu maye sekret ifraz edir. Üst kәsici dişlәri daim böyüyür vә qılınc dişlәrә çevrilir. Afrika F.-indә onların hәr birinin kütlәsi 100 kq-a qәdәr olmaqla, uz. 2–3 m-ә (dişilәrdә daha qısa), Asiya F.-indә isә (dişilәrdә zәif inkişaf edir, yaxud olmur) 1–1,5 m-ә çatır. Qoca dişinin başçılıq etdiyi sürülәr әmәlә gәtirirlәr. Yetkin erkәklәr tәk-tәk yaşayırlar. F.-ә müxtәlif uyğun davranış formaları xasdır. Alçaqtezlikli sәslәr (uğultu) çıxararaq, 10 km-әdәk mәsafәdәn ünsiyyәt qura bilirlәr. Gündüz vaxtlarında fәaldırlar. Addımlarla hәrәkәt edir, qısa mәsafәlәrә qaça bilir, çox yaxşı üzür vә suya baş vururlar. Əsasәn su mәnbәlәrinә yaxın olurlar (gün әrzindә 100 l-әdәk su içirlәr). Suyun çatışmamazlığı zamanı ağac vә daşlarla kiçik çayların qarşısını alaraq, bәndlәr qurur, quyular qazırlar. Bitkilәrlә qidalanırlar (yetkin F. gün әrzindә 150–200 kq ot, ağac vә kolların yarpaq vә cavan zoğlarını yeyir); qida axtarışında onlarca km-i qәt edәrәk, qida miqrasiyası edirlәr; dağların daim qar olan hissәsinәdәk qalxa bilirlәr. Boğazlıq dövrü 20–22 aydır; adәtәn, 1 bala doğurlar. Yeni doğulmuşlar çox keçmәdәn anasının ardınca gedir. Südlә bәslәmә 2 ilәdәk davam edir. Yetkinlik dövrünә 9–10 yaşlarında çatır, 60–70 il yaşayırlar.
Afrika savanna fili (Loxodonta afrikana).
F. tәbii ekosistemlәrdә landşaftların formalaşmasında vә bir sıra ağacların vә digәr bitkilәrin yayılmasında (onların toxumları F.-in qidanın tәqr. 40%-ini mәnimsәyәn bağırsağından keçir) başlıca rol oynayırlar. Qidalanma zamanı onlar ot dәstәlәrini köklәri ilә qoparır, budaqları qırır, ağac gövdәlәrinin qabığını qoparır, kökündәn çıxarır, torpağı tapdalayırlar; çox vaxt әkin sahәlәrini vә plantasiyaları mәhv edirlәr. Onların dağıtdıqları yaşadığı yerlәrin bәrpası üçün 100 ilә yaxın vaxt lazım olur. Yaxın vaxtlaradәk, әsasәn, qılınc dişlәrinә – fil sümüyünә görә (әti, dәrisi, skeleti istifadә edilirdi) F. (xüsusuilә Afrika F.-i) qiymәtli ov obyekti idi. Hazırda F.-in ovu vә fil sümüyünün satışı ciddi şәkildә qadağan olunmuşdur. Hind F. Afrika F.-ndәn fәrqli olaraq asan әlә öyrәnir vә әhlilәşdirilәrәk işçi vә nәqliyyat heyvanı kimi istifadә edilir. Mәs., ağac tәdarükündә, F. ağac gövdәlәrini daşıyır, lövhәlәri yerlәşdirir, barjaları yüklәyir vә boşaldırlar. F. ovda vә ibadәt mәrasimlәrindә iştirak edirlәr. TTEMBİ-nin Qırmızı siyahısına görә Asiya F.-inin vәziyyәti tәhlükәli, Afrika F.-inin vәziyyәti isә hәyәcan törәdir.
Hind fili (Elephas maximus).