FİLLOKSÉRALAR (Phylloxseridae) – mәnәnәlәr yarımdәstәsindәn cücü fәsilәsi. Uz. 0,5 mm-dәn 7 mm-әdәk, azhәrәkәtli başı, sorucu ağız aparatı olan xırda cücülәrdir. Sakit halda qanadları bükülüb yastılaşır. Qonur vә yaşılımtıl substrat rәngindәdir. Bәdәni qısa tükcüklәrlә örtülüdür. İnkişafı natamam olub, qanadlı vә qanadsız nәsillәrin növbәlәşmәsi ilә gedir. Əksәriyyәti birevlidir, ikievli formaları da var. Dişisi yalnız bir yumurta qoyur. Palıdda, pekanda (Amerika qozunda), armudda vә üzüm tәnәyindә rast gәlinir. Vәtәni Şimali Amerikadır. Dünyada 12 cinsә mәnsub 60-adәk növü var. Azәrb.-da yalnız tәnәyә zәrәr verәn üzüm fillokserası (Viteus vitifolii) növü yayılmışdır. Bәdәni dәyirmi, sarı-yaşıl, gözlәri qırmızı, xortumu sancıcı-sorucudur. Uz. 0,8–1,2 mm-dir. Ən çox zәrәrverәni kök vә yarpaq F.-sıdır. Partenogenez yolla çoxalır. Köklәrin şirәsini sorur, cavan köklәrdә düyünlәr, 2–3 yaşlı köklәrdә fırlar yaradır. Bunların çatlaması vә çürümәsi nәticәsindә tәnәklәr mәhv olur. Əsasәn, ting materialı, torpaqbecәrәn alәtlәr, inventar, külәk vә su ilә yayılır. İldә 6–7 nәsil verir. M ü b a r i z ә t ә d b i r l ә r i: әkin materialının ekspertizası, onun heksaxloran, brom-metil vә s. insektisidlәrlә dezinfeksiyası, fillokserayadavamlı tәnәk qәlәmlәrinin әkilmәsi vә s.