FİLLOMEDUZALAR (Phyllomedusa) – ağac qurbağaları fәsilәsindәn quyruqsuz suda-quruda yaşayanlar cinsi. Bәdәninin uz. 2–11 sm-dir, ağaclarda yaşamağa uyğunlaşmış növlәrin üstü, adәtәn, yaşıldır. Ətrafları tutucudur (ön vә arxa ayaqların birinci barmağı digәr barmaqlarla qarşı-qarşıya dayana bilir), üzmә pәrdәsi vә yapışmağa kömәk edәn sonluq disklәri yoxdur. 30-a yaxın növü Mәrkәzi vә Cәnubi Amerikada yayılmışdır. Hündür ağacların çәtirindә yaşayırlar, nazik budaqlara vә yarpaqlara yaxşı dırmanırlar; yerә düşmürlәr. Gecә vә alatoranlıqda fәaldırlar. Uzun, yapışqanlı dili ilә tutduğu cücülәrlә qidalanırlar. Dişi fәrd 100-әdәk yumurtanı, adәtәn, su hövzәlәri sahillәrindә bitәn ağaclarda burulmuş yarpaqlara, yaxud yumurtaların hәlmәşikli pәrdәsi ilә bir-birinә yapışmış 2–3 yarpaq arasındakı “yuvaya” qoyur. Yumurtaqoyma “yarpaq içindә meduzanı” (adı da buradandır) xatırladır. 6–7 sutkaya yumurtadan şәffaf çömçәquyruqlar çıxır vә suya düşәrәk sonrakı inkişafını orada başa çatdırır.
İkirәngli fillomeduza (Phyllomedusa bicolor).