FİLOPEMÉN (Φιλοποίμην) (e.ә. 253–183) – qәdim yunan siyasi xadimi vә sәrkәrdәsi. Əsas hәrbi-siyasi fәaliyyәti Axayya ittifaqı ilә bağlı idi. E.ә. 207 ildәn başlayaraq müxtәlif vaxtlarda 8 dәfә strateq (e.ә. 200 ilәdәk 3 dәfә, e.ә. 193 ildәn sonra 5 dәfә) seçilmişdir. Bir sıra hәrbi islahatlar keçirmiş F., demәk olar ki, bütün Peloponnesi, e.ә. 192 ildә isә Spartanı Axayya ittifaqına birlәşdirmişdi. Yunanıstanın müstәqilliyi uğrunda Romaya qarşı inadlı mübarizә apardığına görә “Sonuncu ellin” lәqәbini almışdır. Axayya ittifaqından ayrılmış messenalılarla müharibәdә yaralanmış F. әsir götürülәrәk edam edilmişdir.