FİLYARİATÓZLAR (filyarilәr + ... oz) – filyarilәrin insan vә heyvanlarda törәtdiyi helmintozlar qrupu. Başlıca olaraq tropik qurşaqda olan ölkәlәrdә yayılmışdır. F. insanda uzun müddәt davam etmәsi, әsasәn, limfa sisteminin, dәrialtı toxumanın, daxili orqanların, gözün zәdәlәnmәsi ilә sәciyyәlәnir. Yoluxma, filyarilәrin sürfәlәrinә (mikrofilyarilәr) malik olan, aralıq sahibi qansorucu hәşәratların dişlәmәsi ilә baş verir, qanla toxuma vә orqanlara keçir. İnsanda tәsadüf edilәn F.-ın әsas növlәri: brugioz, Vuxererioz, loaoz, onxoserkoz. Diaqnoz qanda filyarilәrin sürfәsinin tapılmasına әsasәn qoyulur. Müalicә aparılmadıqda fil xәstәliyi, korluq әmәlә gәlә bilәr.
H e y v a n F .-ı (atlarda, qaramal, qoyun, keçi vә dәvәlәrdә) bir çox ölkәdә qeydә alınmışdır. Ən çox yayılmış vә tәhlükәli növlәri onxoserkoz, parafilyarioz, setariozdur.