FİN PARTİYASI (Suomalainen puolue) – Böyük Finlandiya knyazlığında (BFK) mötәdil mühafizәkar partiya. 1863 ildә әsası qoyulmuşdur. Onun yaranması knyazlığın inzibati vә mәdәni hәyatında İsveç dilini fin dili ilә әvәzlәmәk, findilli mәktәb sistemini inkişaf etdirmәk, Senat vә 4 palatalı silki Seymdәn (1863 ildәn mütәmadi sessiyaları keçirilirdi) isveçdilli bürokratıyanı sıxışdırıb çıxarmaqla onların üzәrindә nәzarәti әlә keçirmәk istәyәn fennomanlar hәrәkatı ilә bağlı idi. 19 әsrin 2-ci yarısında F.p. dәqiq tәşkilati struktura malik deyildi, onun ziyalılardan vә fin kәndinin varlı
tәbәqәlәrindәn ibarәt tәrәfdarları “Suometar” (1869 ildәn “Uusi Suometar”) mәtbu orqanı vә partiya lideri İ.S.İryo-Koskinen әtrafında qruplaşmışdılar. Fin milli hәrәkatının ideoloqu Y.V.Snelman kimi, o da BFK-nin mәdәni vә inzibati hәyatındakı isveçdilli elitaya qarşı mübarizәdә Finlandiyadakı isveçpәrәst qüvvәlәrin zәiflәmәsinә çalışan Rusiya mәrkәzi hakimiyyәtinә dayaqlanırdı. 1870-ci illәrdәn F.p. Seymin kәndli vә ruhani palatalarını nәzarәtindә saxlayırdı. Gen.-qubernator F.L.Geydenin yardımı ilә İryo-Koskinen vә onun tәrәfdarları 1880–90-cı illәrdә Finlandiya Senatının üzvlәri olsalar da, orada say çoxluğuna malik deyildilәr. 1890-cı illәrdәn Finlandiya muxtariyyәtinә hücumun başlaması ilә F.p. mәrkәzi hakimiyyәtә güzәştә getmәk vә onunla kompromis axtarışları siyasәtini yürüdürdü ki, bu da partiyanın parçalanması ilә nәticәlәndi.
1906 ildә BFK-dә ümumi seçki hüququnun vә birpalatalı parlamentin tәtbiqi bütün yerli siyasi partiyaları Finlandiya parlamenti uğrunda mübarizәyә sövq etdi. F.p.-nın partiya proqramına (1906 ilin oktyabrı) fin dili vә mәdәniyyәti haqqında әnәnәvi müddәalarla yanaşı, fin kәndindә sosial-iqtisadi islahatların aparılması tәlәblәri dә daxil edildi. F.p. Birinci dünya müharibәsinin başlanması ilә vә 1917 il Fevral burjua inqilabından sonra Finlandiyada güclәnmәkdә olan BFK-nin müstәqilliyi tәlәblәrinin әleyhinә çıxış edir, onun Rusiya dövlәti tәrkibindә muxtariyyәt statusunun möhkәmlәndirilmәsinә çağırırdı. Partiyanın bu mәsәlә ilә әlaqәdar mövqeyi yalnız 1917 il Oktyabr inqilabı gedişindә bolşeviklәrin hakimiyyәtә gәlişi ilә dәyişdi. Partiya üzvlәrinin böyük hissәsi yeni yaradılmış Milli koalisiya partiyasına daxil olduqdan sonra F.p.1918 ilin sonunda dağıldı.