FİNİKİYA (yun. Φοίνικες; ehtimal ki, φοινως – “fırfır, al-qırmızı, tünd-qırmızı” sözündәn) – Aralıq dәnizinin ş. sahilindә, Livan d-rının әtәklәrindә (әsasәn, indiki Livanın, c.-da vә şm.-da isә qismәn indiki İsrail vә Suriya әrazisindә) qәdim ölkә. Ölkәnin sakinlәri finikiyalılar olmuşlar. Ehtimal ki, e.ә. 5–4-cü minilliklәrdә kәnanilәrdәn ayrılmış finikiyalılar Aralıq dәnizi sahilindә Sidon, Tir vә Bibl ş.-lәrini salmışdılar. Ölkәnin coğrafi baxımdan әlverişli mövqedә yerlәşmәsi finikiyalılara Mesopotamiya vә Misirlә quru yollarla fәal ticarәt aparılması vә Aralıq dәnizindә su yollarının mәnimsәnilmәsi üçün şәrait yaratmışdır. Artıq e.ә. 4-cü minillikdә Bibl ş. ilә Misir arasında dәniz vasitәsilә әlaqәlәr mövcud idi. E.ә. 3-cü minilliyin әvvәllәrindә F.-da şәhәr-dövlәtlәr yaranmışdır; onların arasında әn irilәri Arvad, Bibl, Sidon vә Tir idi. E.ә. 3–2-ci minilliklәrdә Bibl Misirin Ön Asiya ilә ticarәt әlaqәlәrinin әsas qovşağı olmuşdur. Misir fironu III Tutmos şәhәr-dövlәtlәrin konqlomeratını tәşkil edәn F.-nı daxili muxtariyyәtini saxlamaqla öz dövlәtinә qatmışdı. F.-nın şm. hissәsi (Arvad ş. ilә birlikdә) isә hettlәrin hakimiyyәtinә keçmişdi. F.-nın şәhәr-dövlәtlәrinin yerli hakimlәri Şimali Mesopotamiyadakı dövlәtlәrlә (mәs., Mari ilә) diplomatik әlaqәlәr saxlamışlar. E.ә. 14 әsrdә kәskin sosial ziddiyyәtlәr yerli hakimlәrin (Bibldә – Rib-Addinin, Tirdә – Abimilkin) devrilmәsinә gәtirib çıxarmışdır. Sidon çarı Zimredda isә Uşu (Usu) ş.-ni işğal edәrәk adada yerlәşәn Tir ş.-ni materik hissәsindәn ayırmağa nail olmuşdu.
Antropomorf qadın sarkofaqı. Sidon. E.ә. 350–325 illәr. Luvr muzeyi
E.ә. 13 әsrin sonu – e.ә. 12 әsrin әvvәllәrindә Hett imperiyasının süqutundan vә Misirin zәiflәmәsindәn sonra F. şәhәrlәri müstәqilliklәrini bәrpa etdi. E.ә. 10 әsrdә Tir hakimi Ahiram tәrәfindәn birlәşmiş Tir-Sidon çarlığı yaradılmış, F.-da hegemonluq Tir ş.-nә keçmişdir. Ahiram İsrail-Yәhudi çarlığı ilә sıx hәrbi-siyasi ittifaq bağlamışdı. Ahiramın ölümündәn sonra Tirdә aramsız dövlәt çevrilişlәri ilә müşahidә olunan әyanların müxtәlif qruplaşmaları arasında hakimiyyәt uğrunda mübarizә xeyli kәskinlәşmiş, eyni zamanda qulların üsyanları baş vermişdir. Tir öz hakim mövqeyini tәdricәn itirmiş vә e.ә. 10 әsrin sonundan F. şәhәrlәri müstәqillik әldә etmişdir.
Finikiya. Bibl şәhәrinin qalıqları.
E.ә. 2-ci minilliyin sonları – e.ә. 1-ci minilliyin әvvәllәrindә Mәrkәzi vә Qәrbi Aralıqdәnizyanının finikiyalı tacirlәr vә dәniz quldurları tәrәfindәn mәskunlaşması F. tarixindә әn mühüm hadisәlәrdәn idi. Tasos a.-nda (Egey dәnizinin şm. hissәsindә) dәmir filizi yataqlarını aşkar edәn finikiyalılar burada dәmir istehsalına başlayaraq kiçik qәsәbә salmış vә Melkartın mәbәdini tikmişdilәr. Beotiyadakı Fiva ş. dә finikiyalıların koloniyasına çevrilmişdi. Atlantika okeanının Şimali Afrika sahillәrindә (Cәbәlüttariq boğazının arxasında) Liks, Pireney y-a-nın c. hissәsindә Qades, Malaka, Seksi, Abdera, Siciliyada Motiya, Panorm vә s., Sardiniyada Nora vә bir sıra digәr yaşayış mәntәqәlәri, Şimali Afrikada Utika, Hippon, Hadrumet, Leptis-Maqna, Sabrata, Karfagen vә s. koloniyalar salınmışdı. İsrail-Yәhudi çarlığı ilә birlikdә tirlilәr e.ә. 10 әsrdә qızılla zәngin Ofirә (ehtimal ki, Hind okeanı sahilindә) dәniz sәyahәti tәşkil etmişdilәr. E.ә. 9–7 әsrlәrdә qәrbdә yerlәşәn F. koloniyaları tәdricәn Karfagen dövlәtinin tәrkibinә qatılmış vә onların tarixi Karfagenin tarixi ilә bağlı olmuşdur. E.ә. 8–7 әsrlәrdә F. şәhәrlәri daim aşşurluların basqınlarına mәruz qalırdı. E.ә. 8 әsrin ikinci yarısında F.-nın şm.-ında Aşşur canişinliyi tәsis olundu. Aşşurlular ağır vergilәr toplayır, xalq üsyanlarını amansızlıqla yatırırdılar. Bununla belә, F. şәhәrlәrinin daxili muxtariyyәti vә çarları qalmaqda idi. Dәmәşq padşahlığı vә İsrail çarlığı ilә dostluq münasibәtlәri olan Tir geniş әrazilәr, o cümlәdәn Kipr a.-nın bir neçә şәhәri üzәrindә hakimiyyәtini saxlayırdı. E.ә. 8 әsrin ortalarında Tir Aşşurdan asılı olmayan siyasәt yeritmәyә cәhd göstәrdi. Aşşurlular F.-nın digәr şәhәrlәrinin dәstәyi ilә e.ә. 722 ildә Tiri mühasirәyә alaraq tutdular. E.ә. 701 ildә Aşşur mәrkәzi Sidon olmaqla F.-nın c.-unda baş verәn xalq hәyәcanlarını yatırdı. Aşşurlulara qarşı yeni çıxışlardan sonra Sidon dağıdıldı (e.ә. 677), Bibl, Tir vә Arvad isә aşşurluların hakimiyyәtinә keçdi. Aşşur dövlәtinin süqutundan (e.ә. 605) sonra F. Yeni Babil çarlığı ilә Misir arasında mübarizә meydanına çevrilәrәk sonuncunun hakimiyyәtinә keçdi. Karxemiş yaxınlığındakı vuruşmadan (e.ә. 605) sonra babilli sәrkәrdә Navuxodonosor (gәlәcәk çar II Navuxodonosor) bütün F.-nı tutdu. E.ә. 588–586 illәrdә misirlilәr Sidona qarşı yürüş tәşkil etdi, Tirә isә dәnizdәn hücuma keçdi vә ehtimal ki, müvәffәqiyyәt qazandılar. E.ә. 586 vә 574–572 illәrdә çar II Navuxodonosor Tiri mühasirәyә aldı vә onu öz hakimiyyәtini tanımağa mәcbur etdi. E.ә. 564 ildә Tirdә xalq hәyәcanları nәticәsindә hakimiyyәtә “şofetlәr” (hәrfi mәnada “hakimlәr”) gәldi, lakin e.ә. 558 ildә çar hakimiyyәti bәrpa olundu. E.ә. 539 ildәn e.ә. 332 ilәdәk F. Əhәmәnilәr dövlәtinin tәrkibindә idi. Tәqr. e.ә. 480 ildә Fәlәstin sahillәrindәki Dor vә İoppiya (Yaffa) şәhәrlәri Sidonun hakimiyyәtinә keçdi, Akko vә Askalon isә Tirin hakimiyyәti altında idi. Hәmin vaxtlarda ümumfinikiya şurası üçün Tir, Sidon vә Aradın birgә sәylәri ilә Tripolis şәhәri salındı. Yunan-İran müharibәlәrindә (o cümlәdәn Salamin yaxınlığındakı vuruşmada) F. hәrbi donanması Əhәmәnilәr tәrәfindә iştirak etdi. Finikiyalıların mәqsәdi Egeidada ticarәt inhisarçısı kimi möhkәmlәnmәk idi. Farsların mәğlubiyyәti F.-ya ciddi ziyan vurdu. E.ә. 449 ildә sülh bağlanması finikiyalıların yunanlarla әlaqәlәrini vә iqtisadiyyatlarını bәrpa etmәlәri üçün şәrait yaratdı. Bu vaxt F. şәhәrlәrindә sikkә zәrbinә başlanıldı. E.ә. 4 әsrdә F. şәhәrlәrinin siyasәti Yunanıstanla әlaqәlәrin genişlәndirilmәsinә yönәldi, e.ә. 4 әsrin ortalarında isә F.-da Əhәmәnilәrә qarşı çıxışlar baş verdi. Çıxışların әsas mәrkәzi olan Sidon farslar tәrәfindәn tamamilә dağıdılsa da, az müddәtdәn sonra bәrpa edildi.
E.ә. 333 ildә Makedoniyalı İsgәndәrin qoşunları müqavimәtsiz F. әrazisinә girdi. Yalnız Tir 6 aylıq ciddi müqavimәtdәn sonra e.ә. 322 ildә tutuldu. Diadoxların ara müharibәlәri dövründә F. Ptolemeylәrin, e.ә. 3 әsrin ortalarından isә Selevkilәr dövlәtinin tәrkibinә daxil oldu. Bu dövrdәn F.-da sürәtli ellinlәşmә prosesi gedirdi. F. şәhәrlәri sәciyyәvi ellinist polislәrә çevrildi. Aralıq dәnizinin iri ticarәt mәrkәzlәrindә (Delos, Afina vә s.) F. tacirlәrinin faktoriyaları vә birliklәri yarandı. E.ә. 2–1 әsrlәrdә Yunan-Finikiya çarlığı meydana gәldi; bir sıra F. şәhәrindә çar hakimiyyәti lәğv edildi; bir müddәt tiraniya mövcud oldu. E.ә. 63 ildә F. әrazisi Romanın әyalәti Suriyanın tәrkibinә daxil edildi. Bir sıra şәhәrlәr İtaliya hüquqlu koloniyalar elan olundu. Finikiyalılar tәdricәn Suriyanın digәr әhalisi ilә qaynayıb-qarışdılar. Eramızın 2 әsrindәn F. Suriya әrazisindә artıq finikiyalılarla bağlı olmayan әyalәtin adına çevrildi.