FİN-UQÓR DİLLƏRİ – Ural dillәrinin qolu (yarımailәsi). Macarıstan, Finlandiya, Estoniya, Rusiya, Norveç vә İsveçdә yayılmışdır. Bu dillәrdә danışanların ümumi sayı 24 mln.-dan çoxdur (2015).
F.-u.d.-nin qohumluğu elmi cәhәtdәn 18 әsrin 2-ci yarısında sübut edilmişdir. Ural dil ailәsinin parçalanmasından sonra Ural dağlarından q.-dә Volqa-Kama bölgәsindә, hәmçinin ş.-dәn Ural dağları silsilәsinә yaxın rayonda ayrıca fin-uqor dil birliyi formalaşmışdır. Fin-uqor ulu dili tәqr. e.ә. 3-cü minillikdә uqor vә fin-Perm ulu dillәrinә parçalanmışdır. Fin-Perm ulu dili öz növbәsindә e.ә. 2-ci minilliyin ortalarında Perm vә fin-Volqa dillәrinә ayrılmışdır. Bәzi dilçilәr fin-Volqa dillәri daxilindә Volqa dillәrinin genetik qruplaşmasını ayırd edirlәr, lakin digәr mülahizәlәrә görә, fin-Volqa dil birliyindәn ayrılan ulu mari vә ulu mordva dillәri bir-birindәn ayrı şәkildә inkişaf etmişdir. Mordva dillәrindә Baltikayanı-fin dillәrinә, mari dillәrindә isә Perm dillәrinә yaxınlıq özünü göstәrir. Baltikayanı-fin vә saam dillәri fin-Volqa dillәri daxilindә genetik qruplaşma әmәlә gәtirir. Ulu uqor dili e.ә. 1-ci minillikdә macar dilinә vә Ob-uqor dillәrinә ayrılmışdır.
E.ә. 3–2-ci minilliklәrdә F.-u.d.-nin hind-Avropa (İran, Baltika, german, slavyan) vә türk dillәri (bulqar, qıpçaq, oğuz) ilә әlaqәlәri onların inkişafında mühüm rol oynamışdır. Fonetik uyarlıqlar, ahәng qanunu, iltisaqi quruluş, qrammatik cins kateqoriyasının yoxluğu, feil formalarının zәnginliyi, söz sırasının sabitliyi müasir F.-u.d.-ni birlәşdirәn әsas cәhәtlәrdir.