FİPALAR, v a f i p a l a r (özlәrini belә adlandırırlar) – Tanzaniyanın c.-q.-indә, Zambiya vә Malavinin sәrhәdyanı rayonlarında bantular qrupundan xalq. Muanqalar, pimbelәr (b a p i m b v e l ә r), runqalar, vandalar vә digәr qohum xalqlarla birlikdә sayları Tanzaniyada 340 min nәfәr, Zambiyada 275 min nәfәr, Malavidә 165 min nәfәrdir. Kifipa dilindә danışırlar. Dindarların әksәriyyәti әnәnәvi inanclarını saxlamışlar, xristianlar da var.
Ənәnәvi mәşğuliyyәtlәri talalarda toxa әkinçiliyidir (darı, kalış, maniok, yerfındığı, paxlalılar, balqabaq, batat, qarğıdalı, banan). Əsas sәnәtkarlıq sahәlәri ağac üzәrindә oymadır (maskalar, mebel vә s.). Müasir F. arasında qәhvә vә banan platasiyalarında mövsümçülük yayılmışdır. Ənәnәvi sosial tәşkilatlanmanın әsasını icma birliklәri, qohumluğu ata xәtti üzrә hesablanan qәbilә qrupları tәşkil edir. Kiçik ailәlәr, patrilokal nikah sәciyyәvidir. Mәskәnlәri pәrakәndә plandadır. Çubuqlardan hörülmüş vә gillә suvanmış, konusvarı damı olan evlәri dairәvidir. Ənәnәvi yemәklәri şorbalar, darı vә kalış sıyığı, tünd әdviyyatlı kökәlәrdir; kökümeyvәlilәr (maniok, yams, batat) vә banan qızardılmış, yaxud bişirilmiş halda yeyilir;
palma vә banan şirәsindәn pivә hazırlanır. Gölәtrafı vilayәtlәrdә yaşayan F. balıq yeyirlәr. Ənәnәvi geyimdәn (bel sarğısı) yalnız iş zamanı istifadә olunur. F.-ın müxtәlif musiqi alәtlәri (simli, nәfәsi, ksilofon, tәbil) var.