FİRDÖVSİ, F i r d о v s i Əbülqasim (tәqr. 934, Xorasan, Tus ş. yaxınlığındakı Tәbәran k.– 1020, yaxud 1030, Tus) – fars vә tacik şairi. Dehqan ailәsindә doğulmuşdur. Hәyatı haqqında geniş vә dәqiq mәlumat yoxdur. Şәrq poeziyasının qiymәtli incisi, dünya әdәbiyyatının şah әsәrlәri sırasında fәxri yer tutmuş “Şahnamә”nin (976–1010) müәllifidir. F. tәqr. 55 min beyt olan “Şahnamә”nin giriş hissәsindә hәm pәhlәvi, hәm dә farsca bu mövzuda nәzm vә nәsr ilә yazılmış vә ona bәlli olan әsәrlәr haqqında mәlumat vermiş, Dәqiqinin 1000 beytlik yarımçıq “Şahnamә”sini müәllifini göstәrmәklә öz әsәrinә daxil etmişdir. F.-nin Sultan Mahmud Qәznәviyә “Şahnamә”ni tәqdim etmәsi, hökmdarın әsәrә vә onun müәllifinә münasibәti haqqında müxtәlif rәvayәtlәr yaranmışdır. Əsәrin hakimiyyәt ehtirasına, yadelli zülmә, әdalәtsizliyә qarşı yönәldilmiş mütәrәqqi mәzmunu hökmdar Sultan Mahmudun xoşuna gәlmәdiyinә görә, şairlә aralarında anlaşılmazlıq yaranmış, “Şahnamә” üçün vәd etdiyi әnamı F.-yә vermәmişdir. Rәvayәtә görә, apardığı müharibәlәrin birindә “Şahnamә”nin bir beytini eşidәn Qәznәvi hökmdarı F.-yә göstәrdiyi etinasızlıqdan peşman olmuş, şairә әsәrinin beytlәrinin sayı miqdarında qızıl pul göndәrilmәsini әmr etmişdir. Lakin sultanın mükafatı şairin doğma vәtәninә çatarkәn, F.-nin cәnazәsi şәhәrin әks tәrәfdәki darvazasından çıxarılırmış. “Şahnamә”dә ibtidai insanların yer üzündә ilkin tәşәkkül dövründәn başlamış eramızın 7 әsrinә qәdәr, әsasәn, Asiya qitәsindә baş vermiş hadisәlәrin – hökmdarların sәrgüzәştlәri, saysız döyüş sәhnәlәri, cәngavәrlәrin qәhrәmanlığı, sadә vә zәhmәtkeş insanların qurub-yaratmaq fәaliyyәtinin poetik tәsviri verilir, elәcә dә Xeyir ilә Şәr, İşıq ilә Zülmәt arasında fәlsәfi vә sosial mәna kәsb edәn әzәli vә әbәdi mübarizәnin barışmazlığının qanunauyğunluğu әksini tapır, insan tәbiәtinә xas ülvi vә nәcib hisslәr tәrәnnüm edilir. “Zal vә Südabә”, “Rüstәmin yeddi qәhrәmanlıq döyüşü”, “Rüstәm vә Zöhrab”, “Sәyavuş”, “İsfәndiyarın yeddi qәhrәmanlıq döyüşü”, “Rüstәm vә İsfәndiyar”, “Kuşanlı Kamus” vә s. dastanlarda şair bәdii tәfәkkürün qüdrәti ilә ictimai-fәlsәfi mәzmun daşıyan, bәdii-estetik keyfiyyәtli ibrәtamiz sәhnәlәr yaratmış, vәtәnpәrvәrliyi, insanın әzәmәtini, vüqarını, yadelli zülmә vә әdalәtsizliyә qarşı mübarizәni әsәrin başlıca qayәsinә çevirmişdir. “Şahnamә”dә bәhs olunan hadisәlәr xarakterinә görә şәrti olaraq “әsatiri”, “qәhrәmanlıq” vә “tarixi” dastanlar adlandırılmışdır. “Əsatiri” dastanlara Avestadakı qәdim әsatirlәr daxildir. Bu bölmәdә İran әsatiri ilә yanaşı, Dәclә vә Fәrat vadisindә yaşamış xalqların mifoloji yaradıcılığı da әksini tapmışdır. Epopeyanın qәhrәmanlıq hissәsi, şәrti olaraq, Sistan epik dastanları (Rüstәmlә bağlı dastan vә hekayәlәr) da adlandırılır. “Tarixi” dastanlarda Makedoniyalı İsgәndәrin hakimiyyәt başına gәlmәsi vә İranı fәth etmәsindәn bәhs olunur. Burada F.-nin yazılı vә tarixi mәnbәlәrdәn faydalandığı aşkar duyulur. Vәtәn sevgisi, insanpәrvәrlik, әmәk adamlarına mәhәbbәt F. yaradıcılığında mühüm yer tutur. Sәyavuş surәti, demәk olar ki, sairin idealıdır; o, qәhrәmanını mәnәvi paklıq, alicәnablıq vә sülhsevәrliyin timsalı kimi yaratmışdır. F. hökmdarları әdalәtli olmağa, xalqın qayğısına qalmağa çağırırdı. Bәhram-Gur “Şahnamә”dәki әdalәtli hökmdar surәtlәrindәn biridir. Bütün dastan boyu sair onun nәcib insani sifәtlәrindәn söz açır. Zöhhaka qarşı xalq üsyanına başçılıq edәn Dәmirçi Gavә vә Sasani şahlarından Qubadın sarayında ağlı, biliyi, zәkası ilә yüksәk nüfuz qazanmış, açıq düşüncәli, xalqın halına acıyan Mәzdәk obrazları F.-nin xalqa mәhәbbәtinin bariz ifadәsidir. Epopeya bәşәri mәzmunu vә dәrin fәlsәfi mәnası ilә farsdilli epik şeirin formalaşmasına güclü tәsir göstәrmişdir. Şәrqdә “Şahnamә” mövzularında vә üslubunda onlarla әsәr (“Bәrüznamә”, “Şәhriyarnamә” vә s) yazılmışdır. O, bir çox dillәrә tәrcümә edilmişdir. Azәrb. folklorunda “Şahnamә” qәhrәmanları, xüsusilә, Rüstәm Zal ilә bağlı bir sıra әfsanәlәr, rәvayәt vә nağıllar yaranmışdır. Nizami Gәncәvi “Xosrov vә Şirin”, “Yeddi gözәl” vә “İsgәndәrnamә” poemalarında ondan yaradıcılıqla bәhrәlәnmişdir. H.Cavid “Şahnamә” süjetlәri әsasında “Sәyavuş” faciәsini yazmışdır. R.Əfәndiyev, Abbas ağa Qaibov (Nazir), M.Ə. Sabir, A.Şaiq, M.Seyidzadә, M.Müşfiq vә b. “Şahnamә”nin müxtәlif dastanlarını Azәrb.dilinә çevirmişlәr. M.Əlizadә әsәri ilk dәfә tam şәkildә (bәzi yerlәr istisna olmaqla) Azәrb. dilinә tәrcümә etmişdir. Ü.Hacıbәyli “Rüstәm vә Söhrab” dastanı әsasında eyniadlı opera bәstәlәmişdir. 1934 ildә anadan olmasının 1000 illiyi dünya miqyasında, o cümlәdәn Azәrb.-da qeyd olunmuşdur. L.Kәrimov “Firdövsi” xalçasında şairin portretini yaratmışdır.
Firdövsinin mәqbәrәsi. Tus şәhәri.
Ə s ә r l ә r i: Şahnamә. Seçilmiş dastanlar, B., 1934; Rüstәm vә Söhrab [tәrcümә edәni A.Qaibov (Nazir)], B., 1959; Şahnamә. B., 2004; Шахнаме. Т. 1–4, М., 1957–69; Шахнаме, М., 1972.
Əd.: N a z i m Ə. Firdövsi vә yaradıcılığı. “Seçilmiş әsәrlәri” kitabında, B., 1979; X ә l i l o v P. Türk xalqlarının vә şәrqi slavyanların әdәbiyyatı. B., 1994; Б р а г и н с к и й И. 12 миниатюр, 2-ое изд., М.,1976; Р а д ж а б о в М.Р. Фирдоуси и современность. Душанбе. 1976.