FİRİŞTƏ Mәhәmmәd Qasım Hinduşah (tәqr. 1553–1623) – hind tarixçisi. Bicapur hakimi II İbrahim Adil şahın sifarişi ilә fars dilindә Hindistanda müsәlman sülalәlәrinin hakimiyyәtindәn bәhs edәn “Tarixi-Firiştә” (yaxud “Gülşәni-İbrahimi”) әsәrini yazmışdır (1606–11). F., әsasәn, tarixi qaynaqlardan yararlanmış, şifahi rәvayәtlәrә qismәn yer ayırmış, Tuğlaqilәrin mәnşәyi ilә bağlı mәsәlәdә isә öz mülahizәlәrinә әsaslanmışdır. Əsәrdә siyasi hadisәlәrlә yanaşı, dini vә mәdәni hәyata dair mәlumatlar da verilmişdir. Əsәrin “Gülşәni-İbrahimi” (1606–07) vә “Tarixi-Növrәsnamә” (1609–10) adlı iki surәti dövrümüzәdәk gәlib çatmışdır. “Gülşәni-İbrahimi” müqәddimә, 12 fәsil vә epiloqdan ibarәtdir. Müqәddimәdә hindlilәrin inanclarından, ilk racәlәrdәn vә Hindistanda islamın yayılmasından, әsas hissәdә Qәznәvi, Dehli, Qucarat, Malva, Burhanpur, Benqal, Sind, Multan sultanlarından vә s.-dәn bәhs olunur, epiloqda isә Hindistanın coğrafiyası, iqlimi vә s. haqqında ümumi mәlumatlar verilir. Kompilyativ xarakter daşımasına baxmayaraq, bu әsәr bir sıra itmiş mәnbәlәrin mәlumatlarını әldә etmәk baxımından olduqca qiymәtlidir. F. hәmçinin hind tәbabәtindәn bәhs edәn, müqәddimә, 3 fәsil vә epiloqdan ibarәt “İxtiyarati-Qasımi”nin, İxtiyarüddin әd-Dәhlәvinin “Bәsatinül-üns” әsәrinin xülasәsi olan “Müxtәsәri-Bәsatinül-üns”ün müәllifidir. Əsәrlәri Bombey, Heydәrabad, Lahor vә Londonda nәşr olunmuşdur.