FİRSOV Anatoli Vasilyeviç (1.2.1941, Moskva – 24.7.2000, Moskva vil., Firsanovka qәs.) – Rusiya idmançısı vә mәşqçisi (şaybalı hokkey). SSRİ әmәkdar idman ustası (1964). 1960-cı illәr – 1970-ci illәrin әvvәllәrindә dünyanın әn yaxşı hücumçularından biri. 9 dәfә SSRİ (1963–66, 1968, 1970–73) çempionu, 474 matçda 346 qol vurmuşdur. 5 dәfә SSRİ vә 6 dәfә Avropa çempionlar kubokunun sahibidir (1969–74). SSRİ yığma komandasının heyәtindә (1964–72) üç dәfә Qış Olimpiya Oyunlarının (1964, İnsbruk; 1968, Qrenobl; 1972, Sapporo), 8 dәfә dünya vә Avropa (1964–71) çempionu olmuşdur. Üç dәfә dünya çempionatlarının әn yaxşı hücumçusu seçilmişdir. Qış olimpiadalarında vә dünya çempionatlarında 67 oyun keçirmiş, 66 qol vurmuşdur. İdman karyerasını bitirdikdәn sonra mәşqçi işlәmişdir. 1988 ildә SSRİ xalq deputatı seçilmişdir. Adı 1998 ildәn Torontonun Hokkey şöhrәt zalındadır.