FİRUZKUHİLƏR (özlәrini belә adlandırırlar) – Əfqanıstanın şm.-q.-indә (Herat әyalәtinin ş.-indә, Hәrirud vә Murğab çayarasında, hәmçinin Çaqçaran әtrafında) çaharaymaklılar qrupundan xalq. Sayları 253 min nәfәrdir (2010). Fars dilinin dialektindә danışırlar. Dindarları müsәlmandır.
F.-in 1403–04 illәrdә Teymurun Mazandaranın Firuzkuh qalasından Əfqanıstana köçürdüyü әhalinin nәsillәri olduğu ehtimal edilir. Ənәnәvi mәşğuliyyәtlәri köçәbә maldarlıq (qoyun, keçi, dәvә) vә әkinçilikdir (buğda, arpa). Güclü vә dözümlü at yetişdirmәklә mәşhurdurlar. Sәnәtkarlıq sahәlәrinә tiftikәyirmә, toxuculuq (yorğan, örtük, yun palaz), koşmaların (keçә qәbzәsi) hazırlanması aiddir. Qışda daimi evlәri olan qışlaqlarda yaşayırlar. Yayda dairәvi vә dördbucaqlı çadırlardan istifadә edirlәr. Ənәnәvi geyimlәri dirsәyәdәk qolu olan üç parçadan tikilmiş gödәkçә (coma), şalvar, üstündәn yaylıq bağlanmış vә qara yun şal örtülmüş, parçadan tikilmiş papaqdır (tumalçak). Qidalarının әsasını çörәk vә süd tәşkil edir.