FİŞER (Fischer) Yozef (Yoşka) Martin (d.12.4.1948, AFR, Baden-Vürtemberq, Gerabronn) – Almaniya dövlәt vә siyasi xadimi. Macarıstandan köçmüş alman ailәsindәndir, müntәzәm tәhsil almamışdır. 1960–70-ci illәrdә sol tәlәbә hәrәkatında fәal iştirak etmişdir. 1977 ildә Qırmızı ordu fraksiyasının işi ilә bağlı mәhkәmәdә şahid qismindә çıxış etmiş, sonralar radikal hәrәkatdan uzaqlaşmışdır. 1982 ildәn Yaşıllar partiyasının üzvü, 1983–85 illәrdә bundestaqın deputatı, 1985–87 illәrdә Hessen federal әrazindә әtraf mühitin mühafizәsi vә enerji naziri, 1987 ildәn Hessen landtaqında fraksiya sәdri idi. Almaniyanın birlәşmәsindәn sonra partiyada tәşkilati yenidәnqurmanın tәşәbbüsçüsü, 1991–94 illәrdә Hessenin vitse-naziri–prezidenti, әtraf mühit, enerji vә federal işlәr üzrә nazir, 1995 ildәn bundestaqın deputatı olmuşdur. 1996 ildә bundesverin Yuqoslaviyadakı müharibәdә iştirakını dәstәklәmiş, Şimali Atlantika Müqavilәsi Tәşkilatının (NATO) şәrqә doğru genişlәnmәsini tәqdir etmişdir. 1998–2005 illәrdә H. Şröder hökumәtindә xarici işlәr naziri vә vitse-kansler olmuşdur. 2005 ildә Ukrayna vәtәndaşlarına viza verilmәsindә pozuntularla bağlı qalmaqalda adı hallandırılsa da, öz vәzifәsini saxlamışdı. 2006 ildә Böyük koalisiyanın formalaşdırılmasından sonra siyasәtdәn uzaqlaşmışdır.