FİT DİLİ – fit vasitәsilә baş verәn ünsiyyәt. F.d. insanların uzaq mәsafәdәn bir-birilә әlaqә saxlaması üçün çobanlar tәrәfindәn yaradılmışdır. Kanar adalarında istifadә edilәn F.d. silbo-homero (yaxud homerfiti) adlanır, ilk dәfә quanç dilindә meydana gәlmişdir. Hazırda ispan dilindәn istifadә olunur. Bәzi mәlumatlara görә, 3–5 km-әdәk mәsafәdә eşidilirdi. F.d. 20 әsrin ortalarınadәk çox populyar idi, lakin yolların salınması vә xüsusilә mobil telefonların meydana gәlmәsi F.d.-nin zәiflәmәsinә sәbәb olmuşdur. Müasir dövrdә yenidәn canlanan bu dil ibtidai siniflәrdә әsas fәnlәrdәn biridir. Silbo-homeroda adi nitqin tәqribi artikulyasiyası saxlanıldığından ispan dilinin “fit” dialekti yaranmışdır. Silbo-homero dilindә stabil olaraq 4 sait vә 8 samit sәs fәrqlәnir.
Bir neçә ay adada yaşamış fransız sәyyahı Andre Klass silbo dilini dәrindәn öyrәnmişdir. Bir çox sәyyahın qeyd etdiyi kimi, silbadorlar (hәm kişilәr, hәm qadınlar) güclü fit çalırlar. Meksika vә Ekvatorial Afrikanın bir sıra rayonlarında F.d. mövcuddur, lakin bunlar silbo kimi geniş yayılmamışdır. Yunanıstan, Türkiyә vә Çindә bu cür dillәrdәn istifadә olunmasına dair dәlillәr tapılmışdır. Silbo-homero 2009 ildә YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir.