FİTDAĞ – Azәrb. Resp. İsmayıllı r-nu әrazisindә dağ. Hünd. 1810 m-dir.
Mühüm hәrbi-strateji әhәmiyyәtә malik olan F.-da Şirvanşahların yay iqamәtgahı vә sığınacağı yerlәşirdi. F.-a qalxmaq üçün Haramçayın yatağından tәqr. 1 km piyada vә ya atla dik qalxmaq lazımdır. Dağın döşündә daşdan eni tәqr. 3 m olan müdafiә sәddi çәkilmişdir. F.-da, “Qanlıqaya” adlanan әrazidә orta әsrlәrә aid tikili qalıqları, hamam yeri, meydançalar vә s. vardır. Dağın әn hündür nöqtәsindә Xan evi adlanan böyük tikili vardır. Yerli әhali buranı Şamaxı xanı Mustafa xanın qalası adlandırır. 1795 ildә Ağa Mәhәmmәd xan Qacarın hücumu zamanı Mustafa xan F. qalasına çәkilmişdi. Rus qoşunlarının hücumu zamanı Mustafa xan paytaxtını Ağsudan F.-a köçürmüşdü. Mәhz bu sәbәbdәn tarixi әdәbiyyatlarda F. Şirvan hökmdarlarının son iqamәtgahı adlandırılır. Arxeoloji tәdqiqatlar zamanı bu әrazidәn Sasani şahı II Xosrovun gümüş sikkәlәri, orta әsrlәrә aid saxsı qablar, 16–17 әsrlәrә aid metal silah, tunc, gümüş zinәt әşyaları, 17–18 әsrlәrә aid mis qablar tapılmışdır. F. haqqında müxtәlif rәvayәtlәr mövcuddur.