FİTOFTORA (Phytophthora) – oomikotalar (Oomycota) şöbәsindәn mikroskopik psevdogöbәlәklәr cinsi. Tәqr. 70 növü var. Ali bitkilәrdә f i t o f t o r o z l a r ı törәdәn geniş yayılmış parazitlәrdir. Haustorilәrin kömәyi ilә mitseli hüceyrәaralarından keçәrәk sahib hüceyrәsinin daxilinә girir. Hüceyrә divarlarını deşәrәk, yarpaqlarda qonur lәkәlәr şәklindә tәzahür edәn sahib bitki toxumalarının sürәtlә mәhvinә sәbәb olur. Zoosporlar vә zoosporangiyalar (konidiyalarla), su vә külәklә yayılır. Mitseli kök yumrularında, zoosporlar bitki qalıqları, torpaq vә toxumlarda qalır. Zәdәlәnmiş yarpağın alt sәthindә lәkәlәrin sәrhәdindә yarpaq ağızcıqlarından çıxan zoosporangili, yaxud konidiyalı sporangidaşıyanların ağımtıl dәstәlәrindәn ibarәt parazit sporları ağaçalan әrp kimi görünür. Yağışlı havada, çox şeh düşәndә vә dumanda xәstәlik kütlәvi xarakter alıb epifitotiya adlanır. Kartof, pomidor vә b. badımcançiçәklilәri zәdәlәyәn kartof göbәlәyi (P. infestans) praktiki cәhәtdәn daha tәhlükәli zәrәrvericidir. Saxlama prosesindә yaş çürümәni әmәlә gәtirәn bu göbәlәk yarpaqlarda vә yumrularda inkişaf edir. 1830 illәrdә Avropaya Cәnubi Amerikadan kartofla birlikdә gәtirilmiş, 1845 ildә bu bitkidә ilk epifitotiyaya sәbәb olmuşdur. 1840 illәrdә fitoftoroz epifitotiyası üzündәn İrlandiyada tәqr. 1 mln әhali acından ölmüş, 2 mln-adәk mühacirәt etmәyә mәcbur olmuşdur. P. eruthroseptica kartof yumrularında çәhrayı çürümәyә, yarpaqlarında qonurlaşmaya (nekroz ) sәbәb olur. P. fragariya çiyәlәkdә, P. cimmanomi isә ağac cinslәrindә kök çürümәsini, P. cambivora Avropanın c.-unda şabalıdda “mürәkkәb xәstәliyini” törәdir, P. ramorum çoxlu dekorativ kolları qurudur. F. ilә hәmçinin qoz, mantar palıdı, kinә ağacı vә bir sıra tropik vә subtropik bitkilәr yoluxur. Mübarizә tәdbirlәri: karantinә, tövsiyә edilәn aqrotexnikaya, növbәli әkinә vә әkin sahәlәrinin fitoftoralı sahәlәrdәn izolyasiyasına riayәt etmәk, fitoftoroza davamlı sortlardan istifadә etmәk, әkin materialını vә bitkilәri fungisidlәrlә işlәmәk (dәrmanlamaq).