FİTOİMMUNİTÉT (fito +... immunitet) bitki immuniteti – bitkilәrin xәstәliktörәdicilәrinә vә zәrәrvericilәrә, hәmçinin onların hәyat fәaliyyәti mәhsullarına qarşı davamlılıq qabiliyyәti. “Bitki immuniteti” terminini ilk dәfә (1913) N.İ.Vavilov tәklif etmiş vә immunitetin bitkinin genetik xüsusiyyәtlәri, bitki vә parazitlәrin birgә tәkamül gedişindә qarşılıqlı uyğunlaşma ilә bağlı olduğunu söylәmişdir. Sahib bitkinin toxuma vә orqanlarının morfoloji xüsusiyyәtlәrindәn, hüceyrәlәrdә alkaloidlәrin, qlikozidlәrin vә b. ikincili mübadilә mәhsullarının, fitonsidlәrin әmәlә gәlmәsi, ferment sistemlәrinin aktivlәşdirilmәsi vә bir çox b. amillәrdәn asılıdır. Xәstәliklәrә vә zәrәrvericilәrә davamlı sortların yetişdirilmәsi F. mexanizminә dair biliklәrә әsaslanır.