FİTOPATOLÓGİYA (fito + ... patologiya) – bitki xәstәliklәri haqqında elm. F.-nın mәsәlәlәri: 1) göbәlәklәr vә göbәlәyәbәnzәr orqanizmlәr, bakteriyalar, viruslar vә virusabәnzәr orqanizmlәr, nematodlar, hәmçinin mühitin әlverişsiz şәraiti tәrәfindәn törәdilәn bitki xәstәliklәrinin öyrәnilmәsi; 2) bitkilәrin xәstәliklәrdәn mühafizә üsullarının (aqrotexniki qaydalar, immunoloji, bioloji vә kimyәvi mühafizә, bitki karantini) işlәnib hazırlanması.
F. ü m u m i vә x ü s u s i F.-ya ayrılır. Ümumi F. xәstәlik törәdicilәrinin biologiyasını, onların inkişaf qanunauyğunluqlarını, yayılmasını vә kütlәvi şiddәtlәnmәlәrini (epifitotiyalar), bitkilәrin xәstәliklәrә davamlılıq mexanizmlәrini öyrәnir, fitopatogen orqanizmlәrin identifikasiya üsullarını işlәyib hazırlayır, xәstәliklәrin başlanma proqnozunu verir. Xüsusi F.-ya k.t. bitkilәrinin xәstәliklәrini öyrәnәn k.t. F.-sı; ağac vә kolların xәstәliklәrini öyrәnәn meşә F.-sı; çiçәkli vә dekorativ bitkilәr F.-sı aiddir. F. mikrobiologiya, mikologiya, bitki anatomiyası vә fiziologiyası, parazitologiya, bitkiçilik, kimya, fizika vә s. ilә sıx әlaqәdardır.
Bitki xәstәliklәrinin ilk tәsnifatı 18 әsrin әvvәllәrindә fransız botaniki İ.Turnefor tәrәfindәn yaradıldı. 18 әsrin 2-ci yarısında A.T.Bolotov, A.Timet (Fransa), J.Fabritsius (Danimarka) vә b.-nın çoxsaylı tәcrübәlәri ilә sürmә, çovdar mahmızı, pas xәstәliklәrinin patogenliyi (yoluxuculuğu) aşkar olundu. 19 әsrin 2-ci yarısında M.S.Voronin, alman alimi A. de Bari vә onların şagirdlәrinin işlәri ilә bir çox xәstәliklәrin sәbәbinin göbәlәklәr olduğu sübut edildi. 19 әsrin sonlarında bitki xәstәliklәrini digәr parazitlәrin, hәmçinin virusların törәtdiyi müәyyәnlәşdirildi. F. müstәqil, kompleks elm kimi 20 әsrin ortalarında rәsmilәşdi. Müxtәlif ölkәlәrin alim-fitopatoloqları bitkilәrin inteqrasiyalı mühafizәsinә, xәstәliklәrlә bioloji mübarizә üsullarına, pestisidlәrin kimyasına dair işlәr aparır, xәstәliklәrә qarşı immuniteti olan k.t. bitkilәrinin seleksiyası hәyata keçirilir.