FİTRƏT DÖVRÜ (1402–13) – Osmanlı dövlәtindә Ankara vuruşmasından (1402) sonrakı çoxhakimiyyәtlilik dövrü. Osmanlı sultanı I Bәyazidin Əmir Teymur tәrәfindәn әsir götürülmәsindәn sonra onun oğulları (Süleyman, İsa, Musa, Mehmed, Mustafa, Qasım) arasında hakimiyyәt uğrunda mübarizә başlamışdı. Osmanlı dövlәtini parçalamağa çalışan Teymur Anadolu bәylәrinә aid torpaqları osmanlılardan alıb әvvәlki sahiblәrinә qaytarmış, digәr әrazilәri isә I Bәyazidin oğulları arasında bölüşdürmüşdü. I Bәyazidin böyük oğlu Əmir Süleyman Bursaya gәlәrәk dövlәt xәzinәsini, arxivlәrini, ailәsini, kiçik qardaşı Qasımı (bәzi mәnbәlәrdә Orxan) vә bacısı Fatma sultanı götürәrәk Anadoluhisara getmişdi. Bizans imperatoru II Manuil ilә Gelibolu sazişi (1403, fevral) imzalayaraq osmanlılara aid bir sıra әrazilәri Bizansa güzәştә getmiş vә onların Osmanlılara ödәdiklәri vergini lәğv etmişdi. Bundan sonra Süleyman Çәlәbi Ədirnәyә gәlәrәk özünü sultan elan etmiş, mövqeyini möhkәmlәndirmәk mәqsәdilә Venesiya vә Genuya ilә saziş imzalayaraq (1403, iyun) onlara Teymurun Rumeliyә hücumuna mane olacaqları müqabilindә bәzi ticarәt imtiyazları vermişdi.
İsa Çәlәbi ilә Musa Çәlәbi Bursanı әlә keçirmәk uğrunda mübarizә aparırdı. Teymurun İzmirdә olmasından istifadә edәn İsa Çәlәbi Bursanı әlә keçirsә dә, Teymur Sәmәrqәndә qayıtdıqdan sonra Musa Çәlәbini azad edәrәk Bursaya göndәrmişdi. Musa Çәlәbi şәhәri әlә keçirsә dә, burada möhkәmlәnә bilmәmiş, qardaşı İsaya mәğlub olaraq Kütahyaya qaçmış, sonra isә Qaramanoğullarına sığınmışdı.
Mehmed Çәlәbi özünü Amasya vә Sivas bölgәsindә sultan elan etsә dә, bütün şahzadәlәrin әsas mәqsәdi ilk paytaxt Bursaya sahib olmaq idi. Mehmed Çәlәbi İsa Çәlәbiyә Anadolunu öz aralarında bölüşdürmәyi tәklif etmişdi. Sonuncunun bu tәklifi qәbul etmәmәsi qardaşlar arasında Ulubat vuruşmasına sәbәb olmuşdu. Vuruşma İsa Çәlәbinin mәğlubiyyәti ilә nәticәlәnmiş, Mehmed Çәlәbi Bursada öz hakimiyyәtini elan etmişdi (1404). Bizans imperatoru II Manuilin yanına getmiş İsa Çәlәbi Süleyman Çәlәbinin istәyi ilә Ədirnәyә göndәrilmişdi. Qüvvәtli bir ordu ilә yenidәn Bursaya göndәrilәn İsa Çәlәbini mәğlub edilәrәk öldürülmüşdü. İsa Çәlәbini dәstәklәyәn Aydınoğulları, Mәntәşәoğulları, Gәrmiyanoğulları Mehmed Çәlәbinin hakimiyyәtini tanımağa mәcbur olmuşdular. Bundan sonra Mehmed Çәlәbi Əmir Süleymana qarşı mübarizәyә hazırlaşmışdı. Qaramanoğullarına sığınmış qardaşı Musa ilә razılığa gәlәrәk onun başçılığa ilә ordunu Rumeliyә göndәrmişdi (1409). Musa Çәlәbi 1410 ildә Əmir Süleymanı mәğlubiyyәtә uğratsa da, qardaşı Mehmedlә olan razılaşmanı pozmuş vә Ədirnәdә öz adına pul kәsdirәrәk özünü sultan etmişdi (1411). O, qardaşı Süleymanın Bizansa güzәştә getdiyi Qara dәniz sahilindәki şәhәrlәri vә Fessaliyanı geri qaytararaq (1411) Konstantinopolu mühasirәyә almış vә Bizansdan yenidәn vergi ödәmәsini tәlәb etmişdi. Musanın Konstantinopolu әlә keçirәcәyindәn çәkinәn Bizans imperatoru Manuel Əmir Süleymanın oğlu Orxan Çәlәbini Rumeliyә göndәrmişdi. Şahzadә Orxanın Sәlanik vә Fessaliyada hakimiyyәt uğrunda mübarizәyә başlaması nәticәsindә Musa Çәlәbi Konstantinopolun mühasirәsini dayandırmışdı. Lakin Orxanı mәğlubiyyәtә uğratdıqdan sonra Konstantinopola tәzyiqlәrini daha da artırmışdı. Bu zaman imperator II Manuil Mehmed Çәlәbi ilә razılığa gәlmişdi. 1413 ildә Musa Çәlәbi Mehmed Çәlәbiyә mәğlub olmuş vә öldürülmüşdü. Mehmed Çәlәbi Ədirnәyә daxil olaraq özünü sultan elan etmiş vә belәliklә, Osmanlı dövlәti yenidәn bir sultanın hakimiyyәti altında birlәşdirilmişdir.