FİVA (Θῆβαι) – Beotiyada (Orta Yunanıstanda) qәdim yunan polisi. Xeyli sayda yunan mifi F.-ya hәsr edilmişdir. F.-nın әfsanәvi banisi finikiyalı Kadmdır (F. akropolu Kadmeya adlanırdı). Fiva aristokratiyasının nümayәndәlәri Kadmın әkdiyi әjdaha dişlәrindәn әrsәyә gәlmiş döyüşçülәrin (spartların) nәsillәri hesab olunurdular. Dionisin doğulması, Heraklın gәnclik illәri, Sfinks vә Edipin faciәsi, Fiva müharibәlәri haqqında miflәr F. ilә bağlıdır. E.ә. 2-ci minillikdә F. Mikena mәdәniyyәtinin әn mühüm mәrkәzlәrindәn biri idi. E.ә. 6 әsrdә F. Beotiya ittifaqına başçılıq etmişdir. I Kserksin Yunanıstana yürüşü (e.ә. 480–479) zamanı Əhәmәnilәrin tәrәfinә keçmişdir. Peloponnes müharibәsi (e.ә. 431–404) zamanı Spartanın müttәfiqi olmuş vә Afinaya qarşı mübarizә aparmışdır. Lakin Korinf müharibәsi (e.ә. 395–387) dövründә Afina ilә ittifaqda olan F. Yunanıstanda Spartanın hegemonluğuna qarşı çıxmışdır. Antalkid sülhünün (e.ә. 387) şәrtlәrinә görә, Beotiya ittifaqı lәğv edilmişdi; F.-da spartapәrәst oliqarxiya qruplaşması möhkәmlәnmiş, akropolda Sparta qarnizonu yerlәşdirilmişdi. E.ә. 379 ildә oliqarxların hakimiyyәti devrilmiş, spartalılar F.-dan qovulmuş, hakimiyyәtә Pelopid vә Epaminondun başçılığı ilә demokratlar gәlmişdilәr. Beotiya ittifaqı bәrpa olunmuş vә Yunanıstanda aparıcı qüvvәyә çevrilmişdi. F. e.ә. 371 ildә Levktra, e.ә. 362 ildә isә Mantineya yaxınlığında Spartanı ağır mәğlubiyyәtә uğratmışdı. Rәhbәrlәrinin ölümündәn sonra F. siyasi әhәmiyyәtini itirmişdi. E.ә. 338 ildә Afina ilә birlikdә Xeroneya yaxınlığındakı vuruşmada Makedoniyalı II Filippә mәğlub olmuşdur. E.ә. 335 ildә uğursuz üsyandan sonra F. Makedoniyalı İsgәndәr tәrәfindәn tamamilә dağıdılmış, e.ә. 315 ildә Kassandr tәrәfindәn bәrpa edilmişdir. Sonralar F. kiçik yunan şәhәrinә çevrilmişdir.