FİZİKİ-KİMYƏVİ MEXANİKA – kolloid kimyanın bölmәsi; bәrk cisimlәrin vә dispers strukturların deformasiya vә dağılma proseslәrinin fiziki-kimyәvi qanunauyğunluqlarını vә mexanizmini öyrәnir. 1930–40-cı illәrdә yaranmış vә sәthin, sәthi aktiv maddәlәrin (SAM) fiziki kimyası, adsorbsiya vә islatma nәzәriyyәsi, materialların müqavimәti vә onların dağılmasının fizikası, reologiya ilә qarşılıqlı әlaqәdә inkişaf edәrәk 1960-cı illәrdә tam formalaşmışdır.
F.-k.m.-nın әsasını 1928 ildә kәşf edilmiş, adsorbsiyalı aktiv mühitin iştirakı ilә vә ya sәthin islanması nәticәsindә gәrgin halda olan (dartılma, әyilmә vә ya onların birgә tәsiri) bәrk cisimlәrin möhkәmliyinin adsorbsiya azalma effekti (Rebinder effekti) tәşkil edir. F.-k.m. çәrçivәsindә dispers sistemlәrdә SAM-ın tәsir mexanizmi, hәmçinin strukturları әmәlә gәtirәn hissәciklәr arasındakı kontaktların tiplәri vә strukturәmәlәgәlmә haqqında tәlim inkişaf etdirilmişdir. F.-k.m.-nın elementlәrindәn biri mәsamәli cisimlәrin vә dispers strukturların möhkәmlik nәzәriyyәsidir ki, bu da hissәciklәr arasındakı fәrdi kontaktların möhkәmliyi vә dağılan vahid sәthә düşәn hissәciklәrin sayı ilә tәyin edilir. Materialların deformasiya xassәlәrinin, hәmçinin koaqulyasiya strukturlarının tiksotrop sıyıqlaşma vә bәrpa effektlәrinin, onların reoloji xassәlәrinin hәrtәrәfli öyrәnilmәsi F.-k.m. üçün sәciyyәvidir.
F.-k.m. parçalanma vә narın xırdalanma proseslәrindә, quyuların qazılmasında, dispers materialların alınmasında vә s.-dә tәtbiq edilir.