FİZİOQNÓMİKA (yun. φυσιογωμική, yaxud φυσιογωμονική – fiziki xüsusiyyәtlәrә görә fitri qabiliyyәtlәrin müәyyәn edilmәsi haqqında elm, φύσις – fitr, fitri istedad vә γνωμονκóς – bilikli, ağıllı) – qәdimdә vә bәzi sonrakı dövrlәrdә insanın (vә hәr hansı heyvanın) xarici görünüşü ilә onun xarakteri arasında zәruri әlaqәyә dair tәlim. Fizioqnomik müşahidәlәr Qәdim Şәrq mәdәniyyәtlәrindә yazılı şәkildә qeydә alınmağa başlanmış, antik dövrdә hәmin dövrün digәr elmi fәnlәrinin strukturuna uyğun tәrzdә sistemlәşdirilmişdir. Fәrdin vә xalqın cismani vә psixi xüsusiyyәtlәrinin iqlim şәraitindәn asılılığı haqqında antik nәzәriyyәlәr (Hippokrat), hәmçinin temperamentlәr haqqında tәlim F. ilә bağlı idi; Aristotelin tәlәbәlәri tәrәfindәn işlәnib hazırlanmış “әxlaqi xüsusiyyәtlәr”in tipologiyası (Teofrast) ona yaxındır. F.-nın çıxış nöqtәsi antik dövr üçün sәciyyәvi olan tәsәvvür idi: hәr bir insanın özünüifadәsi onun anadangәlmә “xasiyyәti” ilә sәrt determinә olunur; Heraklitә görә, insanın xasiyyәti onun “şәr qüvvә”si, yәni taleyidir.
F.-nın antik әnәnәsi orta әsrlәr mәdәniyyәtinә әhәmiyyәtli tәsir etmişdir. 17–18 әsrlәrdә elmiliyin yeni meyarları tәsbit edilmәklә F. mәişәt empiriyası vә bәdii intuisiyalar sahәsinә keçdi. İ.K.Lafater tәrәfindәn F.-nın elm kimi statusunu geri qaytarmaq cәhdlәri (“Fizioqnomik fraqmentlәr...” – “Physiognomische Fragmente...”. Bd 1–4, 1775–78) heç bir nәticә vermәmiş, bu sahәdә sonrakı tәcrübәlәr R.Kasner vә L.Klagesin әsәrlәrindә әksini tapmışdır.