FİZİOLOJİ FUNKSİYALAR – insan, heyvan vә bitki orqanizmlәrinin, onların hәyat fәaliyyәtini vә әtraf mühitә uyğunlaşmalarını tәmin edәn müxtәlif istiqamәtlәrdәki fәaliyyәti. F.f. molekul, hüceyrә, toxuma, orqan vә sistemlәr, hәmçinin tam orqanizm sәviyyәlәrindә öyrәnilir. Heyvan orqanizminin sistem F.f.-ına tәnәffüs, ürәk-damar, hәzm, görmә, eşitmә, vestibulyar vә s. funksiyalar aiddir. Bütün F.f.-ın әsasını fasilәsiz gedәn maddәlәr mübadilәsi tәşkil edir. F.f.-ın kompleks öyrәnilmәsindә müqayisәli-tarixi metodun böyük rolu var.