FİZİOLOJİ İDEALİZM – idraki fәaliyyәtin mәzmun vә strukturunun mәnbәyini әşyaların özündә deyil, fizioloji substratın (beyin vә hissiyyat orqanlarının) xüsusiyyәtlәrindә axtaran konsepsiya. F.i. 19 әsrdә, hissiyyat orqanlarının sensor reaksiyasının spesifik olması, onun tәkcә adekvat stimullar (mәs., işıq vasitәsilә görmә) deyil, hәm dә qeyri-adekvat stimullar (mәs., elektrik qıcıqlandırıcısı vasitәsilә görmә) yaranması eksperimental şәkildә tәsdiqini tapdıqdan sonra meydana gәlmişdir. “F.i.” terminini ilk dәfә L.Feyerbax işlәtmiş, İ.Müller vә Ç.Bell isә “hissiyyat orqanlarının spesifik enerjisi prinsipini formulә edәrәk, konsepsiyanın nәzәri әsasını yaratmışlar. F.i.-ә görә, bioloji tәkamül prosesindә formalaşmış sinir mexanizmlәrinin qıcıqlanması mәhsulu olan duyğu, qavrayış vә tәsәvvürlәr obyektiv dünyanın xüsusiyyәtlәrini ifadә etmir. Buna görә dә, duyğuların, tәsәvvürlәrin keyfiyyәt vә xassәlәri obyektiv reallığa nәzәrәn ilkindir; duyğular xarici alәmin obrazı olmayıb, yalnız simvollardır, idrak özü isә adekvat inikas olmayıb, hissiyyat orqanlarının enerjisinin çıxmasıdır. F.i.-in 20 әsrdә meydana çıxmış yeni variantları dünya haqqında obyektiv informasiyanın sonuncu mәnbәyi kimi ya beynin struktur vә funksional xassәlәrini (Ç.S.Şerrinqton), ya da sinir-әzәlә sisteminin xüsusiyyәtlәrini (E.B.Holt) irәli sürür.