FİZİOTERAPİYA (qәdim yun. φύσις – tәbiәt + terapiya) – tibb elminin sahәsi; fiziki amillәrin müalicәvi xassәlәrini öyrәnir vә onlardan müalicәrofilaktika mәqsәdilә vә hәmçinin tibbi reabilitasiyada istifadә üsullarını işlәyib hazırlayır. “F” termini 1905 ildә Lejedә keçirilәn bitki terapiya üzrә I beynәlxalq konqresdә qәbul edilmişdir. Ədәbiyyatda F.-nın sinonimi kimi işlәdilәn “fiziatriya”, “fiziki tibb” terminlәri bütün fiziki vasitә vә üsulları, o cümlәdәn gimnastika vә masajı da әhatә edir. Azәrb. Resp.-nda qәbul edilmiş terminologiyaya görә tәbii kurort amillәrinin öyrәnilmәsi (balneoterapiya, klimatoterapiya vә palçıqla müalicә) tibbin müstәqil bir elm sahәsi – kurortologiyadır vә bu, F. ilә birlikdә vahid bir elmi fәnn tәşkil edir. Müalicә gimnastikası vә masaj, mexanoterapiya (vibroterapiya istisna olmaqla) müalicә bәdәn tәrbiyәsinә aid olunur. Belәliklә, Azәrb. Resp.-nda F. anlayışına daxildir: 1) f i z i k o t e r a p i y a (o cümlәdәn fototerapiya, elektroterapiya, aeroionoterapiya, aerozolterapiya) – müәyyәn enerji növünün bioloji proseslәr enerjisinә transformasiyasından yaranan fiziki amillәrin müalicә mәqsәdilә öyrәnilmәsi vә istifadәsi; 2) tәbii amillәrdәn (şirin su, torf, gil, azokerit vә s.) kurortdankәnar, yәni xüsusi fizioterapiya xәstәxanalarında, poliklinikalarda, kabinetlәrdә istifadә.
Tәbii amillәrdәn müalicә maqsәdilә (xüsusәn, su vә günәşlә müalicә) qәdim Şәrq ölkәlәrindә, Yunanıstanda vә Romada istifadә olunurdu. Elektrikin kәşfi vә fizikanın tәrәqqisi ilә әlaqәdar 18 әsrin әvvәllәrindәn F.-nın tәşkil olunması, әsasәn, elektrik müalicәsinin; sonradan ardıcıl olaraq müalicә praktikasına yeni kәşf edilәn fiziki amillәrin – statik elektrikin (franklinizasiya), qalvanik cәrәyanın (qalvanizasiya vә dәrman elektroforezi), asimmetrik dәyişәn cәrәyanın (faradizasiya), yüksәktezlikli cәrәyanın (darsonvalizasiya, diatermiya) tәtbiq olunmasına başlanmışdır. Müasir F.- da hәmçinin alçaq, yüksәk, ultrayüksәk vә ifrat yüksәktezlikli maqnit, elektrik vә elektromaqnit sahәlәri (induktotermiya, UYT-, HAYT-terapiya vә s.), süni işıq şüalanması (infraqırmızı şüalardan tutmuş ultrabәnövşәyi vә monoxromatik koherent şüalara qәdәr, bax Lazer şüaları), mexaniki rәqslәr (infrasәsdәn ultrasәsә qәdәr) vә s. dә istifadә olunur. F.-nın bәzi metodları elektromüalicәdә birlәşdirilir. Bir qayda olaraq, F. metodları kompleks müalicәnin bir hissәsi kimi, bәzi hallarda isә әsas müalicә üsulu kimi istifadә edilir. Fiziki amillәr insan orqanizminә, onun bütün tәkamülü dövründә tәsir göstәrmişdir. Ona görә dә fizioterapevtik prosedurlar orqanizmә bir çox dәrman maddәlәrinә nisbәtәn daha artıq fizioloji tәsir göstәrir. Fizioterapevtik prosedurlar orqanizmin istәr qeyri-spesifik, istәrsә dә spesifik cavab reaksiyasını törәdir. Spesifik cavab reaksiyaları tәsiredici amilin vә patoloji prosesin xüsusiyyәtlәrindәn asılıdır vә әsas müalicә effektini tәmin edir. F.-nın vәzifәsi fiziki amillәrin tәsiri ilә spesifik komponentlәri güclәndirmәk vә qeyri-spesifik komponentlәri zәiflәtmәklә orqanizmin әn az gәrginliklә daha çox terapevtik nәticә әldә etmәkdir. Bunun üçün fiziki amillәrdәn çox vaxt qırıq-qırıq (impulslu) rejimdә vә az dozalarda istifadә olunur. Amilin seçilmәsi, onun dozası vә qaydası, habelә bir neçә amilin әlaqәlәndirilmәsi xәstәliyin forması vә mәrhәlәsi vә orqanizmin vәziyyәti ilә müәyyәn edilir. Fizioterapevtik vasitәlәr xәstәliyin başlanğıc dövründә – funksional pozuntular zamanı daha effektli olur. Onlar hәmçinin müalicә tәdbirlәri kompleksinә digәr müalicә mәrhәlәlәrindә vә tibbi reabilitasiyada da orqanizmdә müәyyәn proseslәrә müxtәlif sәviyyәlәrdә, o cümlәdәn hüceyrә vә molekulyar sәviyyәlәrdә tәsir göstәrmәk mәqsәdilә dә tәtbiq olunur. F.-da istifadә olunan amillәrin vә metodikaların müxtәlifliyi orqanizmә әlavә mәnfi effekt olmadan istiqamәtlәnmiş tәsir vә patoloji prosesә fәrdilәşdirilmiş tәsir imkanı verir.
Azәrb.-da F. vә kurortologiyanın inkişafı Ə.Allahverdiyev, Ş.Hәsәnov, A.Əsgәrov, Ş.Şahmuradov, Ə.Hüseynov, T.Paşayev, A.Quluyev, S.Quluyeva vә b.-nın adı ilә bağlıdır.
Azәrb.-da F. problemlәri üzrә tәdqiqatlar Sәhiyyә Nazirliyinin Elmi-Tәdqiqat Tibbi Bәrpa İn-tunda, Azәrb. Tibb Un-tinin, Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun vә Naxçıvan Dövlәt Un-tinin tibb fakültәsinin kafedralarında aparılır. F.-nın ümumi әsaslarının tәdrisi Azәrb. Tibb Un-tinin vә Naxçıvan Dövlәt Un-tinin kliniki kafedralarında hәyata keçirilir. Azәrb.-da F. problemlәri “Azәrbaycan kurortologiya, fizioterapiya vә reabilitasiya jurnalı”nda (2011 ildәn) işıqlandırılır.