FLAMANDLAR (özlәrini Vlamingen adlandırırlar) – Belçikanın şm.-ında xalq. Flamand regionunda (Qәrbi Flandriya, Şәrqi Flandriya, Antverpen, Flamand Brabantı, Limburq әyalәtlәri) әn iri dil birliyini tәşkil edirlәr. Sayları 6,6 mln. nәfәrdir (2016). Hәmçinin ABŞ-da (58,5 min nәfәr vә Belçika mәnşәli 389,2 min nәfәr), Fransanın şm.-ş.-indә (200 min nәfәrәdәk; Nor deptindә; qәrbi F., dillәri mәhәlli dil kimi tanınmışdır) vә s. ölkәlәrdә yaşayırlar. Niderland dilinin (“flamand dili”) cәnub (Belçika) variantında, Fransada hәmçinin fransız dilindә danışırlar. Dindarları, әsasәn, xristiandır.
Flamandlar Brüggedә Müqәddәs Qan bayramında.
F. hollandlarla qohumdurlar. Əcdadları franklar, frizlәr vә sakslardır. F. orta әsrlәrdә Avropanın iqtisadi cәhәtdәn әn inkişaf etmiş regionlarından biri olan Flandriya qraflığının әsas әhalisi idi. F.-ın etnos kimi formalaşması 15–16 әsrlәrә tәsadüf edir.
F.-ın әnәnәvi mәdәniyyәtlәri Qәrbi Avropa xalqları üçün sәciyyәvidir. Ənәnәvi sәnәt sahәlәrindәn nazik kәtan parçaların, krujevaların (“benş”, “valansyen”, “malin” vә s. krujevalar daha mәşhur idi) istehsalı inkişaf etmişdir. Ostdöynkerkdә (Qәrbi Flandriyanın şm.-q.-i) at üstü krevet ovlamaq unikal sәnәti (YUNESKO-nun bәşәriyyәtin qeyri-maddi mәdәni irsi siyahısına daxil edilmişdir) saxlanılmışdır. Ənәnәvi evlәri karkaslıdır, sonralar kәrpicdәn hörülür, çox vaxt ağ, çәhrayı vә sarı suvaqla suvaqlanır, damları külәş, sonralar isә kirәmitlә örtülür vә adәtәn, ağacdan oyulmuş qu quşu başı ilә bәzәdilir. Buxarısı olan mәtbәxi, yataq otaqları, pәyә vә mәrәyi bir dam altında “uzun frontonlu ev”dә (lanqhevelhuve) yerlәşir. Limburq, Şәrqi Flandriya vә Brabantda qapalı hәyәt әmәlә gәtirәn daş evlәr (heslotenhuve) yayılmışdır. F.-ın әnәnәvi geyimlәri vә mәtbәxlәri hollandlara vә vallonlara yaxındır. Ənәnәvi qadın geyimlәri çiyinlikli kәtan köynәk, kәtan kofta, qara korsaj, bir neçә uzun әtәk, önlük, büzmәli uzun kofta, saya, yaxud dama-dama saçaqlı iri şal, başı vә bәdәnin yuxarı hissәsini örtәn (ispan mantilyasını xatırladır) saçaqlı qara ipәk yaylıq (fali), süni güllәr, muncuqlar, baftalar vә şәbәkәlәrlә bәzәdilmiş krujevalı lәçәkdir. Ənәnәvi yemәklәri tәrәvәz vә yarmadan hazırlanan xörәklәr, duzlu balıq, әsasәn siyәnәk, toyuq şorbalarıdır. Bayramlarda piroq, bulka bişirilir, müxtәlif formalarda hәr bayrama uy- ğun naxışlanmış vә üzәrindә yazılar olan xüsusi növ peçenyelәr hazırlanır.
Ənәnәvi flaman ferması.
F.-ın ailәlәri vallonlara nisbәtәn çoxuşaqlı (adәtәn, 3–4 vә daha çox uşaq) vә partiarxaldır. Böyük uşaq, adәtәn, valideynlәri ilә yaşayır. İcma münasibәtlәrinin qalıqları (qarşılıqlı yardım, ildә bir dәfә ümumi nahar adәtlәri, seçkili ağsaqqal vәzifәsi) uzun müddәt saxlanılmışdır. Şәhәrlәrdә bayramlarda küçә nümayişlәri tәşkil edәn, kökü orta әsr icma vә birliklәrinә gedib çıxan gildiyalar vә klublar qalmaqdadır. Ən mәşhur bayramları bir neçә gün davam edәn vә yarmarkalar, oxatma yarışları, xalq nağılları vә әfsanәvi qәhrәmanların obrazlarını canlandıran pәhlәvanüqәvvaların nümayişi ilә müşayiәt olunan kermis (şәhәr, kәnd hamisi günü), tәntәnәli yürüşlә müşayiәt olunan karnavallardır (ommeqanq). Löven ş.-nin (Flamand Brabantı) yaşla bağlı ayinlәri, Alts ş. (Şәrqi Flandriya) karnavalı, Gerardsbergendә (Şәrqi Flandriya) qışın başa çatması mәrasimi (Krakelingen vә Tonnekesbrand), Brüggedә Müqәddәs Qan (Brugges Schoonste Dag, hәrfi mәnada – Brüggenin әn gözәl günü) bayramı, Dendermonde, Mehelen ommeqanqları vә s. YUNESKO-nun bәşәriyyәtin qeyri-maddi mәdәni irsi siyahısına daxil edilmişdir. Toy adәtlәri holland adәtlәrinә oxşardır. Zәngin folklorları (nәğmәlәr vә әfsanәlәr) qorunub saxlanılmışdır.