FLAMİNQO, f l a m i n q o l a r (Phoenicopteridae) – flaminqokimilәr (Phoenicopteriformes) dәstәsini tәşkil edәn (qazıntı qrupları ilә birlikdә) iri suәtrafı quşlar fәsilәsi. Eosen dövründәn mәlumdur. Əvvәllәr onları qazkimilәr, yaxud leylәkkimilәr dәstәsinә aid edirdilәr, hazırda maygülükimilәr dәstәsinә yaxın hesab edilir. Uz. 90–155 sm, açılmış qanadları arasındakı mәsafә 95–165 sm, kütlәsi 2–4,1 kq-dır. Ayaqları vә boynu çox uzundur. Lәlәklәrindә çәhrayı vә qırmızı çalarlar üstünlük tәşkil edir. Dimdiyi qısa, enli, әyilmiş, çәnәsinin kәnarlarında süzücü aparatın lövhәciklәri var. Ön barmaqları üzmә pәrdәsi ilә birlәşmişdir. Yaxşı üzür vә uçurlar. Sәsi qaz qağıltısına bәnzәyir. 3 cinsi vә 6 növü var. Qәrbi Avrasiya, Afrika, Mәrkәzi vә Cәnubi Amerikanın tropik vә subtropik zonalarında yayılmışdır. İctimai quşlardır, qәlәvi-duzlu göllәrdә vә dayaz dәniz laqunlarında toplanırlar; And dağlarında 4500 m-әdәk yüksәklikdә rast gәlinir; koloniya yerlәri vә yuvadan kәnar toplanmaları daimi deyil, mülayim qurşaqlardan (Qazax., Özb.) qışlamağa uçurlar. Suyu süzәrәk xırda xәrçәngkimilәrlә vә birhüceyrәli yosunlarla qidalanırlar. Lәlәk örtüyünün incә çalarları qida ilә qәbul edilәn piqmentlәrdәn asılıdır. Yüksәk temp.-r dәyişikliyinә dözümlüdür, göllәrin su rejimindәn vә kimyәvi tәrkibindәn asılıdırlar. Milyona qәdәr cütdәn tәşkil olunmuş koloniyalarla yuvalayır, yuvaları dayaz sularda, yaxud lilli adalarda palçıqdan qurulmuş “sütuncuq”lardır. Bir yumurta qoyur, әtcәbalası yarımmaturanatdır, ilk hәftәni valideynlәr onu qida borusunun ifrazatı vә xәrçәng qalıqlarından ibarәt qusuntularla bәslәyirlәr. Cavan F.-lar bozumtuldur, 3–4 yaşında çәhrayılaşırlar; bir çox quşlar 20–30 ildәn artıq yaşayırlar. Azәrb. faunasına bir növü qızılqaz, yaxud q ı r m ı z ı q a n a d F. (Phoenicopterus roseus) daxildir. Nadir, qiymәtli, dekorativ quşdur. Azәrb.-ın “Qırmızı kitab”ına daxil edilmişdir. Xәzәr dәnizinin şm.-ş. sahillәrindә yaşayır. Lәnkәran, Kür-Araz, Samur-Dәvәçi ovalıqlarının su hövzәlәrindә, Böyük Qızılağac körfәzindә, Xәzәrin c. sahil sularında, Naxçıvanda Araz çayı sahillәrindә dә yayılmışdır. Azәrb.-a nәsil vermәk üçün mart ayında gәlir, sentyabrda isә köçüb gedir. Əsas toplantı yerlәri Böyük Qızılağac körfәzidir. Kiçik Qızılağac körfәzinin torpaq bәndi vasitәsilә Xәzәr dәnizindәn ayrılması vә şirin su hövzәsinә çevrilmәsi, min ha.-larla su-bataqlıq biotoplarının qurudulması nәticәsindә adi flaminqonun qışlama sahәsi kәskin azalmışdır. And dağlarının 2 endemiki BMTİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
Qırmızı flaminqo (Phoenicopterus roseus).
Əd.: “Azәrb.-ın heyvanlar alәmi”, 3– 268–269; M u s t a f a y e v Q.T., S a d ı q o v a N.A. “Azәrb.-ın quşları”, sәh. 95–96; Azәrb.-nın “Qırmızı kitab”ı, 2–272.